Güləş

İkiqat Avropa çempionumuz Türkiyə yığmasında

Azərbaycanın daha bir idmançısı xarici ölkənin bayrağı altında mübarizə aparmağa qərar verib. 

Dsport.az “Futbol+” qəzetinə istinadən xəbər verir ki, söhbət 2010 və 2012-ci illərdə Avropa çempionu olmuş, 2013-cü ildə isə qitə birinciliyinin gümüş medalını qazanmış güləşçi Elçin Əliyevdən gedir. 

Bir neçə il əvvəl uzun saqqal saxladığı üçün yığmamızdan uzaqlaşdırılan yunan-Roma güləşçisi idmandan uzaqlaşmamışdı. Əjdər Cəfərov Azərbaycan Güləş Federasiyasının (AGF) baş katibi vəzifəsindən qovulandan bir qədər sonra Elçinin millinin toplanışlarına qatıldığı məlum oldu. Saqqalını qısaldan yüngül çəkili güləşçi bir müddət hazılıq prosesində iştirak etsə də, yarşlarda görünmədi. Bu yaxınlarda isə məlum olub ki, Əliyev artıq Türkiyədə yaşayır. Elçin bundan sonra qardaş ölkənin yığmasında çıxış etməyi planlaşdırır. 

Həmyerlimiz dekabrın son günlərində baş tutan yerli çempionatda da qüvvəsini sınamalı idi. Ancaq onun bu yarışda iştirak edib-etmədiyi qaranlıq qalır. Hər halda 60 kq-da ilk “5-lik”də onun adı yoxdu. 

Amma bu da var ki, yanvarın 10-dan 30-dək davam edəcək və 62 güləşçinin qatılacağı yığmanın təlim-məşq toplanışında Əliyevin də adı var. Maraqlıdı ki, hazırda Türkiyənin yunan-Roma güləşi yığmasını 2011-ci ilin payızından London Olimpiasının sonunadək millimizdə baş məşqçi işləmiş Salih Bora çalışdırır. Məsələ burasındadı ki, Elçin ikinci Avropa çempionluğunu məhz o, komandamızda işlədiyi vaxt əldə edib. Yəqin ki, təcrübəli mütəxəssis 27 yaşlı güləşçinin nəyə qadir olduğunu çox yaxşı bilir və onun güləşə böyük fasilə verməsinə baxmayaraq, uğur qazanacağına inanır. Əks halda əsas komandaya cəlb etməzdi.