Güləş

Azərbaycan çempionatının qalib və mükafatçıları ilə görüş keçirildi

14-18 dekabr 2017-ci il tarixdə sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatı keçirilib.

Dsport.az xəbər verir ki, Dünya Güləş Birliyinin yeni qaydalarına uyğun olaraq keçirilən çempionatda həm sərbəst, həm də yunan-Roma güləşi üzrə 10 çəki dərəcəsində qalib və mükafatçılar müəyyənləşib.  On çəki dərəcəsi üzrə ilk 3 yeri tutmuş idmançılar ölkə yığma komandasının heyətinə cəlb ediləcək və 2018-ci il ərzində komandanın iştirak edəcəyi beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək imkanı qazanacaqlar.

Çempionatın son günü yarışlar başa çatdıqdan sonra Azərbaycan Güləş Federasiyasının 1-ci vitse-prezidenti Sahib Ələkbərov qalib və mükafatçılarla görüşüb. İdmançıların çempionatda böyük əzmkarlıqla mübarizə apardıqlarını qeyd edən AGF rəsmisi eyni əzmkarlığı növbəti il ərzində keçiriləcək yarışlarda da gözlədiklərini bildirdi:

"Azərbaycan Güləş Federasiyası tərəfindən yığma komandaların seçiminə daim ədalətlə yanaşmağa çalışılıb və idmançıların beynəlxalq arenada ölkəmizi layiqincə təmsil etmələri üçün lazımi şərait yaradılıb. Ölkəmizdə idmana və idmançılara dövlət səviyyəsində diqqətin nəticəsidir ki, bu gün Azərbaycan idmançıları, xüsusən güləşçilərimiz ən mötəbər beynəlxalq yarışlarda daim ilk üçlükdə qərarlaşır. Sizin öhdənizə isə bu ənənəni qoruyub saxlamaq və daha da inkişaf etdirmək vəzifəsi düşür."

Azərbaycan çempionatının qalib və mükafatçısı olmuş hər bir idmançıya uğur arzulayan Sahib Ələkbərov qələbəyə gedən yolun nizam-intizamdan və yüksək hazırlıqdan keçdiyini xüsusi vurğuladı:

"Artıq növbəti ilin ilk aylarından hazırlıq üzrə təlim-məşq toplanışlarınız başlayacaq. Bu yarış artıq geridə qaldı. Sizin hər biriniz çalışmalısınız ki, keçirilən təlim-məşq toplanışlarında məşqçilərin tapşırıqlarına əməl edib, öz üzərinizdə çalışıb qələbəyə köklənəsiniz. Bunun üçün təbii ki, nizam-intizama da xüsusi diqqət yetirməlisiniz. 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının iştirakçıları sizin aranızdadır."

Sərbəst güləş üzrə yığma komandanın baş məşqçisi Firdovsi Umudov da idmançılar və Federasiya rəhbərliyi qarşısında çıxış edərək bildirib ki, bu günə qədər olduğu kimi bundan sonra da onlara göstərilən etimadı doğrultmaq üçün çalışacaqlar:

"Biz hər zaman dövlətimizin və Federasiyamızın dəstəyini üzərimizdə hiss etmişik. Bu gün də hiss edirik. Biz də çalışırıq ki, ölkəmizi, bayrağımızı layiqincə təmsil edək. Bunun üçün əlimizdən gələn nə varsa edirik və edəcəyik. Azərbaycan çempionatının nəticələrinə görə, yığma komandamızın yeni heyəti formalaşdı. Qarşıdakı  yarışlarda hər bir komanda üzvünü sınaqdan keçirəcək, Qitə və Dünya çempionatlarının heyətini müəyyənləşdirəcəyik."