Güləş

Qərib Əliyev AGF-nin Fəxri Diplomu ilə təltif edildi

Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatı keçirilir. 

Dsport.az xəbər verir ki, ölkə çempionatında yarışlar Azərbaycan Güləş Federasiyası Hakimlər Kollegiyasının üzvü olan milli və beynəlxalq dərəcəli hakimlər tərəfindən idarə edilir. 

Dünya Güləş Birliyinin təlimatına uyğun olaraq hər bir hakim 60 yaşı tamam olana qədər beynəlxalq və yerli yarışları idarə etmək hüququna malikdir. Bu günlərdə 60 yaşı tamam olan I dərəcəli beynəlxalq kateqoriyalı hakim Qərib Əliyev hakimlik karyerasını başa vurub. 

Azərbaycan çempionatının sərbəst güləş üzrə 74 kq çəki dərəcəsində final görüşünü idarə edən Qərib Əliyev hakim kolleqalarının fit və azarkeşlərin alqış sədaları altında xalça ilə vidalaşıb. 

Beynəlxalq dərəcəli hakim kimi uzunmüddətli və peşəkar fəaliyyətinə, ölkəmizi yerli və beynəlxalq arenalarda layiqincə təmsil etdiyinə, güləş qaydalarının incəliklərinin gənc nəsillərə aşılanmasında əvəzsiz xidmətlərinə görə beynəlxalq dərəcəli hakim, Azərbaycan Respublikasının Əməkdar məşqçisi, Fəxri bədən tərbiyəsi və idman işçisi Qərib Əliyev Azərbaycan Güləş Federasiyanın Fəxri Diplomu ilə təltif edilib.

Mükafatı Azərbaycan Güləş Federasiyasının 1-ci vitse-prezidenti Sahib Ələkbərov təqdim edib və gələcək fəaliyyətində ona uğurlar arzulayıb. 

Bu gün isə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Qərib Əliyevə “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” fəxri adı verilib.  

Qeyd edək ki, 25 ilə yaxındır beynəlxalq dərəcəli hakim kimi müxtəlif yarışlarda ölkəmizi təmsil edən Qərib Əliyev həm də məşqçilik fəaliyyəti ilə məşğuldur. Onun yetirmələri müxtəlif səviyyəli beynəlxalq turnirlərdə, Avropa və Dünya çempionatlarında mükafatçılar sırasında yer alıb. Qərib Əliyev ölkəmizdə güləş idman növünün inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib, Əməkdar məşqçi, eləcə də Fəxri bədən tərbiyəsi və idman işçisi fəxri adlarına layiq görülüb.