Güləş

Yunan-Roma güləçiləri birinci, sərbəstlər ikinci oldu

İran İslam Respublikasının paytaxtı Tehran şəhərində kiçik yaşlı yeniyetmə güləşçilər arasında "Day of children" beynəxalq turniri keçirilib.  

Dsport.az xəbər verir ki, komanda yarışı xarakterli turnirdə sərbəst və yunan-Roma güləşi üzrə kiçik yaşlı yeniyetmələrdən ibarət yığma komandalarımız iştirak edib.

Sərbəst güləş yarışlarında Azərbaycan güləşçiləri ilə yanaşı, İranın 4 komandası, Ukrayna, Rusiya, Gürcüstan, İraq, Belarus, Qırğızıstan və Ermənistan komandaları mübarizə aparıb. Dörd qrup üzrə keçirilən yarışda yığmamız İran və Ermənistan komandaları ilə qarşılaşıb. Hər iki  görüşü qələbə ilə başa vuran güləşçilərimiz yarımfinala vəsiqə qazanıb. Yarımfinalda Ukrayna güləşçilərinə də qalib gələn yığmamız finala yüksəlib. Həlledici görüşdə daha bir İran komandası ilə qarşılaşan güləşçilərimiz ümumi hesabda 4:6 məğlub olub və turniri ikinci sırada tamamlayıb.

Yunan-Roma güləşi yarışlarında isə Azərbaycan güləşçiləri ilə yanaşı, İranın 4 komandası, Ukrayna, İraq, Qazaxstan, Moldova, Gürcüstan və Ermənistan komandaları mübarizə aparıb. Dörd qrup üzrə keçirilən yarışda yığmamız İran və Qazaxstan komandaları ilə qarşılaşıb. Hər iki  görüşü qələbə ilə başa vuran güləşçilərimiz yarımfinala vəsiqə qazanıb. Yarımfinalda Moldova güləşçilərinə də qalib gələn yığmamız finala yüksəlib. Həlledici görüşdə Ukrayna komandası ilə qarşılaşan güləşçilərimiz ümumi hesabda 6:4 qalib gəlib və turnirin baş mükafatına sahib olub.