Güləş

Cəbrayıl Həsənov Dağıstanda gümüş medal qazandı

Dağıstan Respublikasının paytaxtı Maxaçqalada Pekin Olimpiadasının gümüş medalçısı Murad Qaydarovun şərəfinə sərbəst güləş üzrə 7-ci beynəlxalq turnir keçirilib.

Dsport.az xəbər verir ki, turniri digər yarışlardan fərqləndirən əsas cəhət idmançıların yalnız bir çəki dərəcəsində mübarizə aparmaları olub. Vaxtilə Murad Qaydarovun yüksək nəticələr qazandığı 74 kq çəki dərəcəsində baş tutan turnirdə yığmamızın kapitanı Cəbrayıl Həsənov iştirak edib.

Finala qədər üç görüş keçirən Cəbrayıl Həsənov ilk görüşündə alnından zədələnsə də mübarizəni sona qədər davam etdirib. Yarımfinalda Maqomed Xizriyevlə gərgin keçən görüş 12:12 hesablı bərabərliklə yekunlaşıb. Tətbiq etdiyi 4 xallıq fəndlə rəqibindən  üstün olan Cəbrayıl Həsənov görüşü qalib başa vurub və finala yüksəlib.

Finalda Taciddin Akayevlə qarşılaşan güləşçimiz görüşün əvvəlində yenidən zədələnib. Bu dəfə ayağından zədə alan Cəbrayıl görüşü davam etdirə bilməyib və turniri ikinci sırada tamamlayıb.