Güləş

Güləşçilərimiz Dostluq görüşü öncəsi Parisdə məşq etdilər

4 dekabr 2014-cü il tarixdə Parisdə Azərbaycan və Fransa güləşçiləri arasında Dostluq görüşü keçiriləcək

4 dekabr 2014-cü il tarixdə Parisdə Azərbaycan və Fransa güləşçiləri arasında Dostluq görüşü keçiriləcək. Dostluq görüşü cari ilin may ayında Azərbaycan Güləş Federasiyasının Prezidenti Fazil Məmmədovun Fransa Güləş Federasiyasının Prezidenti Alain Bertolomla Parisdə keçirilən görüşü zamanı razılaşdırılıb. 

Dostluq görüşünün əhəmiyyəti həm də ondan ibarətdir ki, bu yarış gələn il keçiriləcək Avropa Oyunları üçün test xarakteri daşıyır. Hər üç növdə güləşçilərin iştirak edəcəyi Dostluq görüşü iki ölkənin güləş federasiyaları, eləcə də Azərbaycanın Fransadakı səfirliyinin birgə təşkilatçılığı ilə Parisin ən məşhur saraylarından biri olan Qış sirkində baş tutacaq. Ümumilikdə, 10 güləşçinin mübarizə aparacağı Dostluq görüşündə 3 çəkidə sərbəst, 3 çəkidə yunan-Roma və 4 çəki dərəcəsində qadın güləşçilər yarışacaq.

Artıq Parisdə olan yığma komandamız Fransa güləş komandalarının təlim-məşq bazasında hazırlıqlarını davam etdiriblər. Yığma komandalarımızın üzvləri əvvəlcə yüngül isinmə hərəkətləri edib, daha sonra məşqçilərin tapşırığı ilə taktiki hazırlıqla məşqi davam etdiriblər. Qonaq qismində Dostluq görüşünə qatılacaq Olimpiya çempionlarımız Namiq Abdullayev, Fərid Mansurov, Şərif Şərifov və Toğrul Əsgərov da komanda ilə birgə məşqdə iştirak edib. 

Fransa - Azərbaycan

Sərbəst güləş

57 kq Zoheir el Ouarraqe - Mahmud Məhəmmədov
74 kq Luca Lampis - Cəbrayıl Həsənov
86 kq Axmed Aybuyev - Həmzət Osmanov

Qadın güləşi

48 kq Julie Sabatie - Patimat Baqomedova
53 kq Tatiana Debien - Mariya Stadnik
55 kq Aurelie Basset - Alyona Kolesnik
58 kq Margot Riviere - Nataliya Snişin

Yunan-Roma güləşi

59 kq Leo Tudezca - Rövşən Bayramov
66 kq Stefan Clement - Həsən Əliyev
85 kq Melonin Noumonvi - İslam Abbasov