Güləş

Bakı-2015 ilk Avropa Oyunlarındakı güləş elçiləri

Bakı-2015 ilk Avropa Oyunlarında möhtəşəm idman bayramının elçiləri olacaq 11 Azərbaycan idmançısının adları açıqlanıb

Bakı-2015 ilk Avropa Oyunlarında möhtəşəm idman bayramının elçiləri olacaq 11 Azərbaycan idmançısının adları açıqlanıb. Seçilmiş idmançılar öz idman növlərini və ölkəmizi təmsil edəcək, qarşıdan gələn Oyunlarla bağlı marketinq kampaniyalarında, həmçinin Bakı-2015-in geniş şəkildə qeyd ediləcək möhtəşəm tədbirlərində iştirak edəcəklər.

11 elçidən ikisi Azərbaycan Güləş Federasiyasının nümayəndələri - yunan-Roma güləşçisi Rövşən Bayramov və qadın güləşçisi Mariya Stadnikdir. 

14 ildir güləşin yunan-Roma növü ilə məşğul olan Rövşən Bayramovu Azərbaycan ictimaiyyəti yaxşı tanıyır. Bu həm də idmançımızın bu günə qədər qazandığı nailiyyətlərlə bağlıdır. Olimpiya Oyunlarının ikiqat gümüş mükafatçısı (Pekin-2008, London-2012), Dünya çempionu (2011), gümüş (2006) və bürünc medalçısı (2009), ikiqat Avropa çempionu (2007, 2008) və bürünc medalçısı (2006), Hərbçilərin Dünya çempionatının qalibi (2006), Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Qızıl Qran Pri" beynəlxalq turnirinin üçqat qalibi (2006, 2008, 2011), gənclər arasında Dünya çempionu (2003) və bürünc medalçısı (2005), yeniyetmələr arasında Avropa çempionatının ikiqat bürünc medalçısı (2002, 2003) olan Rövşən Bayramov Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə 2008-ci ildə "Tərəqqi" medalı, 2012-ci ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.

Güləşlə 12 ildir məşğul olan Mariya Stadnik adı da güləş həvəskarlarına çox tanışdır. Qadın güləşi üzrə yığma komandamızın lideri olan Mariya demək olar ki, qatıldığı bütün yarışlardan medalla qayıdıb. Olimpiya Oyunlarının gümüş (London-2012) və bürünc mükafatçısı (Pekin-2008), Dünya çempionu (2009), gümüş (2011) və bürünc medalçısı (2014), dördqat Avropa çempionu (2008, 2009, 2011, 2014), Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş «Qızıl Qran Pri» Beynəlxalq Turnirinin üçqat qalibi (2008, 2011, 2014) və bürünc medalçısı (2009), gənclər arasında Avropa çempionu (2008) olan güləşçimiz Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə 2008-ci ildə "Tərəqqi" medalı, 2012-ci ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.

Həm Rövşən Bayramov, həm də Mariya Stadnik Bakı-2015 ilk Avropa Oyunlarının idman elçisi olmaqdan fəxr duyduqlarını və Azərbaycanı layiqincə təmsil etməyə çalışacaqlarını bildirirlər.