Güləş

Dünya Güləş Birliyi İcraiyyə Komitəsi yeni qərarlar qəbul etdi

Ötən həftə Moskvada keçirilən Avropa Millətlər Kuboku yarışı zamanı Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

Ötən həftə Moskvada keçirilən Avropa Millətlər Kuboku yarışı zamanı Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. İclasda müzakirə edilən cari məsələlərlə yanaşı, bir sıra yeni qərarlar da qəbul edilib. 

Dünya Güləş Birliyi gələn ildən etibarən Avropa Güləş Assosiasiyası - CELA-nın U-23 qitə çempionatını keçirməsinə razılıq verib və 2015-ci ilin təqvim planına daxil edib. Beləliklə, 2015-ci ilin 24-29 mart tarixlərində Polşanın paytaxtı Varşavada ilk dəfə olaraq güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək. 

Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç bildirib ki, Avropa qitəsində mövcud olan rəqabət imkanı gənclər yaş kateqoriyasına aid olmayan güləşçilərə kömək etməyimizi tələb edir. Bu çempionat gənc güləşçilərə böyüklər yaş kateqoriyasında iştiraka daha yaxşı hazırlaşmalarına imkan verəcək. 

DGB İcraiyyə Komitəsinin iclasında qəbul edilmiş digər qərara əsasən, gələcək Dünya Kuboku yarışlarında əvvəlki kimi 10 deyil, 8 komandanın iştirakı razılaşdırılıb. Bu zərurət 2013-cü ildə çəki dərəcələrində edilmiş dəyişikliklərdən irəli gəlib və Dünya Kuboku yarışlarının əhəmiyyətini qoruyub saxlamağa xidmət edəcək. 

Gələn il keçiriləcək Dünya Kuboku yarışlarının püşkatma mərasimi 14 yanvar 2015-ci ildə İsveçrənin Lozanna şəhərində Beynəlxalq Olimpiya Komitəsinin muzeyində baş tutacaq. Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilmiş Dünya çempionatında hər bir güləş növü üzrə ilk 8 yeri tutmuş komandalar Dünya Kuboku uğrunda mübarizə aparacaq. 

Hər üç güləş növü üzrə yığma komandalarımız Dünya Kuboku yarışlarında iştirak etmək hüququna sahibdir. Belə ki, Daşkənddə keçirilən Dünya çempionatında komanda hesabında sərbəst güləşçilər 3-cü, yunan-Roma güləşçiləri 4-cü, qadın güləşçilər isə 8-ci yer tutmaqla Dünya Kubokuna vəsiqəni təmin edib. 

Yunan-Roma güləşi üzrə Dünya Kuboku 19-20 fevral tarixində İran İslam Respublikasının paytaxtı Tehranda, qadın güləşi üzrə Dünya Kuboku 7-8 martda Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində, sərbəst güləş üzrə Dünya Kuboku yarışları isə 11-12 aprel tarixlərində ABŞ-ın Los Anceles şəhərində keçiriləcək.