Güləş

Sərbəst güləşçilərimiz DÇ-də 3-cü, yunan-Roma güləşçilərimiz 4-cü oldu

Litvanın Klaypeda şəhərində keçirilən hərbçilər arasında güləş üzrə 32-ci dünya çempionatı başa çatıb. 

Dsport.az xəbər verir ki, yarışa 15 idmançı ilə qatılan Azərbaycan yaxşı nəticələr əldə edib. Belə ki, Mərkəzi Ordu İdman Klubunun üzvləri müxtəlif əyarlı medallar qazanıblar.

Yarışın ilk günündə sərbəst güləşçilərimizdən Qabil Əliyev (61 kq) bütün rəqiblərini üstələyərək qızıl medala sahib çıxıb. Digər idmançılarımızdan Əfqan Xaşalov (57 kq), Ağahüseyn Mustafayev (65 kq) və Coşqun Əzimov (70 kq) bürünc medala sahib çıxıblar. Qadın idmançılarımızdan isə Türkan Nəsirova yalnız finalda uduzub və gümüş medal qazanıb.

Yarışların ikinci günündə 86 kq çəki dərəcəsində çıxış edən Əşrəf Əliyev medal qazanıb. O, bürünc medala yiyələnib.

Yunan-Roma güləşçilərimiz də boş dayanmayıb. 59 kq çəki dərəcəsində güləşən Murad Məmmədov 3-cü yer uğrunda görüşdə ABŞ idmançısını məğlub edərək bürünc medal əldə edib.

Yarışların son günündə isə 3 idmançımız aktivimizə medal yazdırmağı bacarıb. 85 kq çəki dərəcəsində güləşən İslam Abbasov 3-cü yer uğrunda görüşdə erməni idmançını 5:0 hesabıyla üstələyərək bürünc medala sahib çıxıb. Elton Vəzirzadə (80 kq) isə yarımfinal görüşündə erməni idmançını üstələyərək finala çıxıb. Həlledici görüşdə o, Ukrayna təmsilçisi Andrey Antonyuk ilə qarşılaşıb və 1-2 hesabıyla məğlub olub. Nəticədə E.Vəzirzadə gümüş medal qazanıb. Orxan Nuriyev (98 kq) isə yarimfinalda finlandiyalı idmançını üstələyib. O, finalda Nikita Melnikov (rus) ilə qarşılşıb. Təəssüf ki, O.Nuriyev də məğlub olub və qızıl medal şansını qaçırıb, gümüşlə kifayətlənib.

Beləliklə, MOİK idmançıları yarışı toplamda 10 medalla başa vurub. Komanda hesabında isə Azərbaycanın sərbəst güləşçiləri 3-cü, yunan-Roma güləşçiləri isə 4-cü olub.

Qeyd edək ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun (MOİK) komandasının qatıldığı hərbçilərin güləş üzrə 32-ci dünya çempionatında 22 ölkədən 320-yə yaxın idmançı iştirak edib. Yarış iştirakçılarının yarıdan çoxu Olimpiya, dünya və Avropa çempionatlarının mükafatçıları olub.