Güləş

Murad Məmmədovdan DÇ-də bürünc medal

Litvanın Klaypeda şəhərində hərbçilər arasında güləş üzrə 32-ci dünya çempionatı davam edir. 

Dsport.az xəbər verir ki, üçüncü yarış günündə yunan-Roma güləşçilərimiz Sənan Əlimirzəyev (71 kq), Murad Məmmədov (59 kq) və Kərim Cəfərov (66 kq) xalça üzərinə çıxıblar. Güləşçilərimiz günü 1 bürünc medalla tamamlayıb. 

ABŞ idmançısı İldar Hafizov üzərində 9:0 hesabı ilə qələbə qazanan Murad Məmmədov bürünc medala sahib olub.

Sənan Əlimirzəyev (71 kq) və Kərim Cəfərov (66 kq) isə bürünc medal uğrunda görüşdə uduzaraq çempionatı 5-ci sırada tamamlayıb. 

Həsən Əliyev (75 kq) məşqdə zədələndiyinə görə yarışlarda iştirak edə bilməyib.

Məlumat üçün bildirək ki, hərbçilərin güləş üzrə 32-ci dünya çempionatında 22 ölkədən 320-yə yaxın idmançı iştirak edir.