Güləş

Daha bir medal qazanmaq şansımız var

Litvanın Klaypeda şəhərində keçirilən hərbçilər arasında güləş üzrə 32-ci dünya çempionatının ikinci yarış günündə 2 güləşçimiz mübarizəyə qatılıb. 

Dsport.az xəbər verir ki, bu gün 74 kq çəki dərəcəsində Rəşad Yusifli və 86 kq çəki dərəcəsində Əşrəf Əliyev xalça üzərinə çıxıblar.

R.Yusifli ilk görüşündə ABŞ güləşçisinə məğlub olaraq mübarizəni dayandırıb. Ə.Əliyev də ilk görüşündən məğlubiyyətlə ayrılıb. Amma onun cənubi koreyalı rəqibi finala qədər irəlilədiyindən Əliyev bürünc medal uğrunda yarışmaq hüquq qazanıb.

Xatırladaq ki, yarışın ilk günündə Azərbaycanın altı idmançısı mübarizə aparıb və sərbəst güləşçilərimizdən Qabil Əliyev (61 kq) qızıl, Əfqan Xaşalov (57 kq), Ağahüseyn Mustafayev (65 kq) və Coşqun Əzimov (70 kq) bürünc medal qazanıb. Qadın güləşçimiz Türkan Nəsirova (48 kq) isə yalnız finalda uduzaraq gümüş medal əldə edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun (MOİK) komandasının qatıldığı hərbçilərin güləş üzrə 32-ci dünya çempionatında 22 ölkədən 320-yə yaxın idmançı iştirak edir. Yarış iştirakçılarının yarıdan çoxu Olimpiya, dünya və Avropa çempionatlarının mükafatçılarıdır.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, MOİK-in rəisi polkovnik-leytenant Rəşad Quliyev, sərbəst güləş üzrə komandamızın rəhbəri Nazim Əlicanov, yunan–Roma güləşi üzrə komandamızın rəhbəri isə Taleh İsrafilovdur. Azərbaycan nümayəndə heyətinin tərkibinə beynəlxalq dərəcəli hakimlər Elman İsmayılov və Tural Əliyev də daxildir.