Futbol

"Bakı"nı Allaha tapşırıb, "Neftçi"yə gedirəm"

"Sadıq Sadıqov da razılıq verdi ki, ilk qış fasiləsinə kimi “Bakı”ya kömək edim"

İki gün öncə "Neftçi" ilə 2016-cı ilin yayına kimi müqavilə imzalayan "Bakı"nın qapıçısı Aqil Məmmədov dekabrın sonuna kimi "zolaqlılar"ın uğurları üçün tər tökəcək. Təcrübəli qolkiper Premyer Liqanın son turunda "Xəzər Lənkəran"la qolsuz heç-heçə etdikləri görüşdən sonra "Neftçi"yə keçidi ilə bağlı fikirlərini "DSport"la bölüşdü:

”Bakı”da müqaviləmin bitməsinə az qalmışdı. Təklif göndərdilər və mən də ”Neftçi”də oynamağı karyeram üçün önəmli hesab edib razılaşdım. Çalışacam ki, yeni klubumda oyunumu daha yaxşı səviyyəyə çatdırım. 

Bu gün “Neftçi”  Azərbaycanın ən böyük klublarından biridi. Bu qədər çətinlikdən sonra elə böyük bir komandada oynamaq karyeram üçün önəmli idi. Mən də bu təklifi qəbul etdim. İnanıram ki, onların ümidlərini doğruldacam".

Aqil "Neftçi"nin onun çempionatın ilk yarısını “Bakı”da bitirməyinə necə razı olduğunu belə açıqladı: "Biz bu haqda əvvəlcədən razılaşmışdıq. Çox sağ olsun, Sadıq Sadıqov da razılıq verdi ki, ilk qış fasiləsinə kimi “Bakı”ya kömək edim".

Məmmədov nə vaxtsa "Bakı"ya qayıtmaq ehtimalına da münasibət bildirdi: “Bakı” mənim doğma komandamdı. Mən burada böyümüşəm. Azərbaycan futboluna məni bəxş edən bu klubdu. ”Bakı” mənim üçün həmişə əzizdi, belə də qalacaq. Bu gün  gedirəmsə o demək deyil ki, ”Bakı” mənim üçün bitdi. 

Bu günə kimi komandanı qoyub gedən oyunçulardan fərqli olaraq mən “Bakın”nın bu vəziyyətində tərk edə bilməzdim. Ən azından ilk yarının sonuna kimi qalıb onlara kömək etmək istədim. Düşünürəm ki, doğma klubum üçün əlimdən nə gəldisə artıqlaması ilə etdim.

Rəhbərliyin halalığını almışam. Sağ olsunlar, məni başa düşdülər və qərarıma hörmətlə yanaşdılar. Hafiz Məmmədova da  mənə uğurlar arzuladı". 

"Komandada hər kəs sənə böyük qardaş kimi baxırdı. İndi kimə tapşırırsan komandanı?" - sualına Aqilin cavabı belə oldu: "Bakı"nı Allaha tapşırıb gedirəm".