Futbol

Nail Kərimov: "Böyük sponsorluq ilk dəfə olacaq" (Müsahibə)

"Təyyarə reyslərinə görə problem yaşaya bilərdik. Çünki Avropa Oyunlarına görə yerlərin çoxu bron edilib".

Hər il mayın sonu iyunun əvvəlində 15 yaşadək futbolçulardan ibarət komandalar arasında keçirilən Qəbələ Kuboku beynəlxalq turniri bu dəfə təşkil olunmayacaq. "Qəbələ" Futbol Akademiyasının direktor müavini Nail Kərimov DSport.Az-a müsahibəsində bu məsələ haqda danışdı, digər suallarımızı cavablandırdı.

- Nail bəy, turnirin bu il keçirilməməsinin səbəbi nədi?
- Bakı-2015 Avropa Oyunları ilə əlaqədar olaraq klubun həm futbol, həm də digər idman növləri ilə bağlı bütün tədbirləri təxirə salınıb. 

- Turnirin təşkil olunmayacağı əvvəlcədən məlum idi?
- Sentyabrda böyük ölçüdə qərar verilmişdi, amma yanvar ayında bir də dəqiqləşdirdik. Biz bu turniri keçirsəydik belə, təyyarə reyslərinə görə problem yaşaya bilərdik. Çünki Avropa Oyunlarına görə yerlərin çoxu bron edilib. Həm də istənilən halda böyük tədbir olan vaxt Qəbələ Kubokunu keçirməməyimiz daha məqsədəuyğundu.

- Ancaq növbəti illərdən etibarən yenə turnirlər təşkil olunacaq.
- Bəli, artıq 2016-cı ildəki turnirin hazırlıqlarına başlamışıq. Bir-iki şirkətlə sponsorluqla bağlı danışıq aparırıq. Əvvəlki turnirlərdə kiçik sponsorlar var idi. Ancaq böyük sponsorluq ilk dəfə olacaq. Danışıqlar davam edir. İstəyirik ki, turnir Avropa kanallarının birində canlı yayımlansın. Məhz teleyayım xərclərinə görə böyük sponsora ehtiyacımız var.

- Əvvəlki turnirlərdə iştirakçıların sayı 8 idi. Komanda sayı artacaq?
- Yox, elə 8 komanda olacaq. Keyfiyyəti qorumaq üçün belə daha məqsədəuyğundu. Bir məsələni də qeyd edim ki, turnir həmişə mayın sonunda başlayırdı. Bu dəfə iyunun əvvəlində olacaq. 

- Bu il Qəbələ Kuboku keçirilməsə də, aşağı yaş qrupları üzrə komandaların xaricdə belə beynəlxalq turnirlərə qatılması gözlənilirmi?
- Elə indi bunun hazırlıqları gedir. U-11 komandamız mayın 21-25-də Almaniyanın Düsseldorf şəhərində keçiriləcək turnirdə iştirak edəcək. Böyük turnir olacaq. Bir çox məşhur klub orda mübarizə aparacaq. Onların arasında "Arsenal", "Liverpul", "Yuventus" kimi klublar var. Həmçinin Almaniyanın aparıcı klublarının U-11 komandaları olacaq. 

- Orda da 8 komanda iki qrup üzrə mübarizə aparacaq?
- Yox, komanda sayı daha çox olacaq.

Asəf Zeynallı