Futbol

Məşhur türk şərhçi: "Prosineçki macərası tez bitəcək" (Müsahibə)

İtaliyadan Azərbaycana "Qarabağ" - "İnter" matçını izləmək üçün gəlmiş TRT Spor və LİG TV-nin İtaliya təmsilçisi, Roma İdman Yazarları Birliyinin İcraiyyə Komitəsinin üzvü Dündar Keşaplı Dsport.az-a müsahibə verib.

- İlk olaraq, Azərbaycan və Bakı haqqında düşüncələrinizi bilmək istəyərdim.

- İtaliyada yaşasam da, əslən türkəm. Biz qardaş ölkəyik. Azərbaycanın adını çox eşitmişdim, ancaq tanımırdım. Tez-tez dostlarım məni bura dəvət edirdilər. Ancaq qismət bir ay öncəyəymiş. Açığı, gözlədiyimdən daha gözəl bir şəhər gördüm. Yollar, davam edən inşaat işləri, ümumiyyətlə hər şeyi ilə bura çox gözəl şəhərdi. Bu işlərlə məşğul olan qurumları təbrik etmək lazımdı. Bakını bu bölgənin Nyu-Yorku və ya Dubayı adlandırardım. Yeni layihələrimiz var. İki ölkə arasında dostluq dərnəyi qururuq və bununla yanaşı, gənc istedadlı idmançılarla bağlı layihəmiz var. Bu səbəbdən bura daha tez-tez gələcəm.

- Bura gəlməmişdən öncə Azərbaycan futbolu haqqında hansı fikirdəydiniz? Gəlib görəndən sonra sizin üçün nələr dəyişdi?

- Azərbaycan futbolunu çox yaxşı tanıdığımı deyə bilmərəm. Əslində, Azərbaycan futbolunu tanımaq üçün çox böyük təcrübəyə də ehtiyac yoxdu. İki matç izləyəndən sonra nəyin nə olduğunu anlayırsan. Ölkə olaraq idmana böyük investisiya qoyulur. 2015-ci ildə Avropa Oyunları burda keçiriləcək. Bu, o deməkdi ki, Azərbaycanda idmana maraq var və investisiya qoyulur. Futbola gəlincəysə, o tamamilə başqa bir sektordu. Orda işlər bir az çətindi. Ancaq Azərbaycanda futbola investisiya qoyulduğu üçün bu idman növünün də inkişafı mümkündü. Məsələn, “Qarabağ” öz büdcəsi ilə yeni stadion tikdirir. Bu, çox gözəl addımdı. Futbol çalışma tələb edən çətin idman sektorlarından biridi. Məncə, Azərbaycan futbolunda inkişaf var. Ancaq əksikliklərin olmadığını demək də düzgün olmaz. Bəzi idarəçilər oturduqları kreslonun qiymətini bilmirlər. Sadəcə ayın əvvəlində maaş almaq istəyirlər. Bu, ölkə idmanına zərər verir. Burda da klub prezidentlərinin üzərinə böyük yük düşür. Onlar köməkçilərini, klub rəsmilərini və məşqçiləri daha dərindən araşdıraraq seçməlidilər. Belə olan halda, həm klub, həm də ölkə futbolu inkişaf edər.

- Sizcə, Azərbaycan futbolunda inkişaf üçün nələr çatmır?

- Tez bir müddətdə yaxşı yerlərə gəlmək asan deyil. Məsələn, Ronaldo illik 15 milyon avro, Totti 7,5 milyon avro alırsa, "Roma" klubunun toplam dəyəri Azərbaycandaki bütün komandaların dəyərindən daha çoxdusa, ölkələrin idman biznesi və marketinqi arasındakı fərq olduqca böyükdü. Yaxşı nəticə əldə etmək üçün zaman lazımdı. Yalnız zamanla bu mümkündü. Daha əvvəl də dediyim kimi, idarəçilər ətraflı bilgiyə sahib olmalıdılar və xüsusilə də seçdikləri işçilərə diqqət yetirməlidilər. İnkişaf etməmək üçün əngəl görmürəm. Burda potensial var. “Ferrari”ni verirsən iki sürücüyə, biri yaxşı sürücüdü, idarə edə bilir, digəri isə bunu bacarmır. Futbol da belədi, biri ayağını yaxşı işlədir, biri yox. İnkişafa nail olmaq üçün məşqçilərin də üzərinə böyük yük düşür.

- Bildiyiniz kimi, Azərbaycan millisinin baş məşqçi postuna Robert Prosineçki təyin olunub. O, daha öncə “Kayserispor”da çalışıb. Türk futbolunu yaxından tanıyan biri olaraq fikrinizi öyrənmək istəyərdim. Prosineçkinin Azərbaycan futboluna yaxşı mənada təsiri ola bilərmi? Ümumiyyətlə bu seçimi necə dəyərləndirirsiniz?

- Onu futbolçuluq illərindən daha yaxşı tanıyıram. Çox yaxşı futbolçu idi. Ancaq bu həqiqətdi ki, yaxşı futbolçu olmaq yaxşı məşqçi olacağı anlamına gəlmir. Həmişə buna nümunələr gətirmişəm. Başda dünya ulduzu Maradona, digər biri Klarens Zeedorf. “Real”da, “Milan”da və “İnter”də oynayıb, yaxşı futbolçu olub, ancaq yaxşı məşqçi deyil. Sonra İnzaqinin adını çəkə bilərəm. Saya biləcəyim çox məşqçi var. Azərbaycan millisinin baş məşqçi postuna fərqli namizədlər var idi. Onlardan biri də Marko Tardelli idi. Məncə, ən uyğun namizəd elə o idi. Birincisi, Tardelli “Yuventus”un məşhur futbolçularından biri idi. İkincisi, “Yuventus”da oynayan zaman 4 beynəlxalq kubokun qalibi olmuşdu. O, həm də İtaliya millisinin heyətində Dünya çempionluğu da yaşayıb. Həm də İrlandiya millisində Trapattoninin köməkçisi kimi 5 illik təcrübə qazanmışdı. Məşqçi seçimi edərkən ilk növbədə onun Azərbaycan futboluna nə qazandıracağını düşünmək lazımdı. Ancaq Tardelli olmadı. Rəsmilər Prosineçki variantının üzərində qaldılar. Niyə belə olduğunu deyə bilmərəm. Ancaq Prosineçkinin Azərbaycan futbolunda yeniliklər edəcəyindən şübhəliyəm. Bunu birlikdə görəcəyik. Qarşıda Malta, İtaliya və s. önəmli matçlar var. Bu posta başqa birinin təyin olunmasını istərdim. Avropa ilə əlaqə qurulmalı idi. Məncə, Prosineçki macərası tez bitəcək. Ölkə futboluna bir xeyri dəyəcəyini düşünmürəm.

- Bir neçə gün öncə Sərgən Yalçın Prosineçkinin ancaq Azərbaycan və yaxud da Balkan ölkələrində çalışa biləcəyini demişdi. Bu fikrə qatılırsız?

- Onun fikrinə qatılıram. Avropa ölkələrində elə bir məşqçiyə asan-asan şans verməzlər. Avropa ölkələrində məşqçilik edə bilər. Bunu müzakirə etmək mənasızdi. Məşqçilik etmək başqa, bu işin öhdəsindən necə gələcəyi və işlədiyi yerə nə qazandıracağı başqa. Mən də məşqçi ola bilərəm, ancaq bu işin qarşılığında nəsə etməsəm, Azərbaycan futboluna bir fayda verə bilməsəm, gənclərin inkişafına dəstək olmasam, sadəcə adım məşqçi olaraq qalar. Sərgən də bunu demək istəyib. Azərbaycandan, Yunanıstandan, Serbiya və ya Sloveniyadan təklif ala bilər. Önəmli olan bu ölkələrin futboluna nə qazandıracağıdı. Əgər bunu edə bilməsə, onsuz da uğursuz olduğu ortaya çıxacaq.

-  Legioner həyatı yaşayan azərbaycanlı futbolçuların böyük əksəriyyəti Türkiyə PTT 1-ci liqasında çıxış edən klublarda forma geyir. Sizcə, burda minimum Superliqada oynayası potensiala malik futbolçular var?

- Məncə, hər ölkədə potensiallı oyunçular var. Azərbaycan da bura daxildi. Düzdü, say olaraq Braziliya, Argentina, İspaniya və Meksikadan geri qalırsız. Futbolçulara gəlincəysə, əlbəttə, elələri var, ancaq adlarını çəkmək düzgün olmazdı. Futbolda marketinq strategiyası deyilən bir şey var. Azərbaycandakı futbolçuların xaricdə oynaması üçün uğurlu, işini bilən menecerlərlə çalışmaları vacibdi. Bu cəhətdən Azərbaycan çox geri qalır. Biz də hazırda bu məsələ ilə əlaqədar çalışmalar aparırıq. Avropa, İtaliya və Türkiyə təcrübəsini burda tətbiq etmək istəyirik. Hər nə qədər italyan olsam da, əslən türkəm. Qardaş ölkəyə belə layihələrdə dəstək olmağım vacibdi. Layihəmizə burda dəstək olan dostlarım da var. Önəmli olan pozitiv düşünmək və pozitiv çalışmaqdı. Burdakı futbolçuları xaricə aparmaq, ən azından onlara yol göstərmək mən və mənim kimi təcrübəsi olan şəxslərin işidi. Hər kəs bir işin ucundan yapışsa, uğur gələcək. İqtisadi cəhətdən güclü olan Azərbaycan futbolda da inkişafa nail olsa, daha da gözəl görünər.

- Günün əsas mövzusuna toxunmaq istəyərdim. Dünəki "Qarabağ" - "İnter" matçını izləyənlər arasında siz də varıydınız. "Qarabağ"ın oyunu, matçın gedişatı və nəhayət nəticəyə birbaşa təsir edən hakim qərarı haqqında fikirlərinizi öyrənmək maraqlı olardı.

- "Qarabağ"ı təbrik edirəm. Sona qədər mübarizə apardılar. Arxalarında möhtəşəm azarkeş dəstəyi var idi. Stadionu belə dolu olması çox önəmlidi. Azarkeşlər komandanı tək buraxmadılar. Dünən "Qarabağ" fanatları bu işin öhdəsindən lazımınca gəldilər. "İnter" gəlincəysə, onlar əsas heyətlə meydana çıxmamışdılar, yaxşı futbol oynamadılar. Ancaq onların xala ehtiyacı yox idi. Qarabağ isə 3 xal almalı idi. 2-3 yaxşı epizod da oldu. Son dəqiqələrdəki epizod isə əminliklə deyə bilərəm ki, qol idi. Təəssüf ki, hakim qolu hesaba almadı. Bunu səbəbini hələ də heç kəs anlaya bilməyib. Xüsusilə də İtaliya mediası "Qarabağ"a haqq verir. İtalyan nəşrləri qolun sayılmamasını haqsızlıq adlandırıblar. Digər ölkələrin medialarında da oxşar yazılar gedir. İspaniyada "Marca", İngiltərədə "BBC Sport" və s. məşhur idman nəşrləri bu oyun haqda yazıblar. Bugün klubda iclas keçirildi. Vitse-prezident yaxşı mesajlar verdi. Klub olaraq bu işin ardınca sonuna qədər gedəcəklərini bildirdi. Bəlkə UEFA "Qarabağ"a haqq verəcək, bəlkə də yox. Önəmli olan haqsızlıqla mübarizə aparmaqdı. Ümid edirəm ki, şikayət yaxşı nəticə verəcək.

- Son olaraq Türkiyə milli komandası haqqında danışmaq istəyərdim. Türkiyə yığması hazırda köhnə günlərindən uzaqdı. Komandanın AVRO-2016-nın təsnifat mərhələsindəki çıxışı ortadadı. Bu barədə nə deyə bilərsiniz?

- Türkiyə futbol tarixində uğurlar qazanmış bir ölkədi. DÇ-2002-dəki üçüncülüyü buna misal çəkə bilərəm. Bu, həyatın qaydasıdı. Hətta böyük holdinqlərdə də krizislər olur. Bizim də dəyişikliklərə ehtiyacımız var. Əminəm ki, Türkiyə milli komandası bu günləri geridə qoymağı bacaracaq. İtaliya, İspaniya və Hollandiya kimi ölkələr də bu dönəmlərdən keçiblər. Belə şeylər olur. Önəmli olan onun öhdəsindən gələ biləcək gücünüzün olmasıdı.

Rüfət Məcidzadə