Futbol

Qurban Qurbanov: "İnter"in futbolçusu oyundan sonra mənə dedi ki..."

"Belə bir qərar vermək böyük risk idi. Bizə başqa söz demək düşməz"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin sonuncu - VI turunda "İnter"lə qolsuz bərabərə qaldıqları oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb:

"Bu oyun haqda çox danışmaq istəmirəm. Azarkeşlərə çox sag ol deyirəm. Bütün matçlarda bizim yanımızda oldular.  Pis sonluq olmadı. Futbolçularıma təşəkkür edirəm, çox çalışdılar. Zədəlilərimiz də oldu. Bəlkə də bu, bizim üçün böyük zərbə oldu. Eyni zamanda, böyük bir təcrübə qazandıq".

- Avropa Liqasının qrup mərhələsindən əvvəl nə düşünürdünüz?
 - Bilirdik ki, maraqlı qrupa düşmüşük, Bütün rəqiblərimizin böyük təcrübəsi var idi. Biz də pis oynamadıq. Həmişə futbolçularıma demişəm ki, mümkünsüz şey yoxdu. Bu gün də bunun şahidi olduq. Hər bir rəqibə qarşı oynaya bildik.

- Sayılmayan qol epizodu barədə nə deyə bilərsiniz?
- İki videoyazıya baxdıq. Təmiz qol vurulmuşdu. Top rəqibin futbolçusuna dəyərək qapıya daxil olmuşdu. Hakimin qərarı bizə qaranlıq qaldı. Belə bir qərar vermək böyük risk idi. Bizə başqa söz demək düşməz.

- Bu gün hakim səhvinə görə növbəti mərhələyə yüksələ bilmədiniz. Özünüzü  necə hiss edirsiniz?
- Heç nə edə bilmərik. Hətta "İnter"in futbolçusu oyundan sonra mənə dedi ki, top qapıya girəndə ona toxunmuşdu. Ancaq o, bunu hakimə desəydi, daha yaxşı olardı. Vurulan qol qeydə alınmalı idi.

- Bəxtinizin gətirmədiyini demək olar?
- Futbolda hər şey ola bilər. Bəzi oyunlarda da bizim bəxtimiz gətirib.