Futbol

Qurban Qurbanov: "Ola bilər ki, "İnter"lə oyunun sonuna yaxın futbolçulara məlumat verilsin"

"Reynaldo sabah oynaya bilməyəcək. Bədavi isə bu gün komanda ilə məşqə çıxdı. Onun oynayıb-oynamayacağı sabah bilinəcək"

“Vacib oyun gözləyir bizi. Qrupun son oyunudu. Bilirik ki, nə dərəcədə məsuliyyətli olmalıyıq. Çalışacağıq ki, sabah ən düzgün və yaxşı oyunumuzu göstərək. Çox istərdim ki, azarkeşlərimiz stadiondan üzgün ayrılmasınlar. Doğma meydanda məğlub olmağı heç istəmirəm. Amma ciddi rəqibə qarşı oynayırıq. Matça tam hazırıq. Baxmayaraq ki, sıx qrafikdə çıxış edirik. Yeni məşqçinin gəlişindən sonra “İnter”in heyətində sistemində dəyişiklik olub. Son oyunlarda fərqli sistemdə oynayıb. Sabah da hər hansı dəyişiklik olsa, bu, bizə mane ola bilər. Bunlara baxmayaraq, öz oyunumuzu göstərməyə çalışacağıq”.

- Sabah Bədavi Hüseynov və Reynaldo oynaya biləcək?
- Reynaldo sabah oynaya bilməyəcək. Bədavi isə bu gün komanda ilə məşqə çıxdı. Onun oynayıb-oynamayacağı sabah bilinəcək.

- “İnter”in Bakıya ikinci heyətlə gəlməsi “Qarabağ”ı sevindirə bilər?
- Bu fikirlər komandamıza mane ola bilər. Məncə, “İnter”in ikinci heyəti əsas heyətdən zəif olmayacaq. Çünki onlar özlərini yaxşı tərəfdən göstərməyə çalışacaq. Əgər “İnter” əsas heyətlə oynasaydı, bizim üçün daha rahat olardı. Çünki onların hər birini tanıyırıq. 

- Demək olarmı “Qarabağ” sabah Avroliqa tarixinin ən vacib matçına çıxacaq?
- Bu günə qədər verdiyimiz nəticələrə baxsaq, elə görünür. Ancaq “Tvente” ilə oyundan əvvəl də belə bir fikir formalaşmışdı. Həmişə açıqlamalarımda bildirmişəm ki, bugünkü oyun nədər vacibdirsə, sabahkı daha vacibdir. 

- “Qarabağ” Avropada göstərdiyi oyunla Azərbaycan futbolunda məğlubiyyət psixologiyasını dağıtdı. Komandanız qrupdan çıxsa, bizim futbol ictimaiyyəti sizdən Avropa Liqasının qalibi olmağınızı tələb edəcək. Buna hazırsınız?
- Qoy, biz qrupdan çıxaq, nə düşünürlər, düşünsünlər. 

- “Qarabağ” hələ ki, qrup mərhələsinin ev oyununda qalib gələ bilməyib. Bunu sabah edə bilərsiniz?
- Bu gün ancaq qələbə haqda düşünsək, yanılarıq. Rəqibin kimliyindən asılı olmayaraq qalib gəlməyə çalışırıq. Bəzən bacardığımızdan artığını edirik, bəzən isə istədiyimiz alınmır. “İnter”lə “Qarabağ”ı hərtərəfli müqayisə etsək, rəqibin çox üstün olduğunu gösrərik. Bəzən bərabərlik qələbə qədər önəmi olur. Həqiqətən sabah azarkeşlərimz qarşısında uduzmağı istəmirik. 

- “Sent-Etyen”lə oyunda Almeyda çoxlu top itkisi ilə yadda qaldı. Oyunda sonra bildirdi ki, bu, oyunun yeni mövqedə oynaması ilə bağlıdı.
- Bu, hər bir futbolçuda ola bilər. Hər bir oyunda futbolçuların mövqeyində dəyişiklik ola bilər. Lazım gəlsə, sabah da mövqeyində dəyişiklik olacaq. Məncə, Almeyda top itkisindən çəkinmir. 

- Demək olarmı sabah bir qulağınız Ukraynada olacaq?
- Yox, ikisi də burda olacaq (gülür). Ancaq ola bilər ki, oyunun sonuna yaxın futbolçulara hər hansı bir məlumat verilsin.