Futbol

Roberto Mançini: “Qarabağ”ın oyununu təhlil etmişəm, Bakıya qələbə qazanmağa gəlmişik"

Avropa Liqasının qrup mərhələsinin VI turu çərçivəsində “Qarabağ”ın rəqibi olan “İnter”in baş məşqçisi Roberto Mançini bu gün mətbuat konfransı təşkil edib

Təcrübəli mütəxəssis sabah keçiriləcək qarşılaşma ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.

- Türkiyədə işləməyinizin “Qarabağ”la oyunda sizin üçün bir üstünlüyü olacaq?
- Türkiyədə işləməyin elə bir əhəmiyyəti yoxdu. “Qarabağ”ın oyununu təhlil etmişəm, Bakıya qələbə qazanmağa gəlmişik.

- A Seriyasında “Udineze” ilə oyunda futbolçuların fiziki hazırlığı sizi qane etdi?
- Düşünmürəm ki, bu, fiziki problemlə bağlıdı. Bizim fiziki hazırlığımız qaydasındadı. Həmin oyunu da yaxşı keçirmişdik.

- “İnter”in hücum xətti sanki son vaxtlar zəif təsir bağışlayır. Bu fikirlə razısız?
- Xeyr. Bizim hücum xəttimiz çox yaxşıdı. Həmçinin “Qarabağ”ın hücumçuları da güclüdü.

- “Udineze”yə məğlubiyyətdən sonra futbolçulara iradınız nə formada oldu?
- Təbii ki, əsəbləşdim. Onlara öz səhvlərini izah etdim.

- “İnter” ən yaxşı dönəmini Mourinyonun vaxtında keçirib. Siz komandanı həmin səviyyəyə yüksəldə biləcəksiz? Ümumiyyətlə, o vaxtkı komanda ilə indiki komanda arasında nə kimi fərqlər var?
- Həmin vaxtkı “İnter”lə fərqimiz ondadı ki, indiki komanda gəncdi. Bu mövsüm çempion olmağımız çətindi. Əsas diqqətimizi növbəti mövsmə yönəldəcəyik.

- “İnter” Bakıya 9 müdafiəçi ilə gəlib. Bu o deməkdi ki, komanda sabah müdafiə futbolu oynayacaq?
- Xeyr, biz bütün komandanı gətirmişik. Hətta qapıçılar da gəlib (gülür). Biz bura qələbə qazanmağa gəlmişik. Bizim gətirmədiyimiz oyunçuların 4-ü zədəli idisə, digərləri yorğun idilər. Amma bura gələn futbolçularla da meydana qələbə qazanmaq üçün çıxacağıq.

- “Qarabağ” necə komanda kimi görürsüz?
- Bizim əsas vəzifəmiz mərhələ adlamaqdı. O ki qaldı “Qarabağ”a, onları çox bəyənirəm, Sabah azarkeşləri maraqlı mübarizə gözləyir.