Futbol

"Qəbələ" Dorinel Muntyanuyla yollarını ayırdı

"Qəbələ" baş məşqçisi Dorinel Muntyanu ilə yollarını ayırıb və yeni çalışdırıcı axtarışına start verib

"Qəbələ" baş məşqçisi Dorinel Muntyanu ilə yollarını ayırıb və yeni çalışdırıcı axtarışına start verib. Azerifootball.com-un verdiyi xəbərə görə, buna səbəb komandanın Premyer Liqada uğursuz çıxışıdı.

Bölgə təmsilçisi hazırda 14 xalla ölkə çempionatında 6-cı pillədə qərarlaşıb və lider "Qarabağ"dan 14 xal geridədi. Komanda rumın mütəxəssisin rəhbərliyi ilə bu mövsüm keçirdiyi 13 oyunun sadəcə 3-də qələbə qazanıb. 

Premyer Liqanın son turunda "Xəzər Lənkəran"a 0:3 hesablı məğlubiyyət isə rəhbərliyin səbr kasasını daşırıb.

Bundan əlavə, klub rəhbərliyi Muntyanunun transfer siyasətindən də narazıdı. Əcnəbi çalışdırıcının təşəbbüsü ilə yayda heyətə cəlb olunan 7 legionerdən yalnız ikisi - Adrian Ropotan və Ekiqo Ehiousun ümidləri doğruldur.

Məlumatda bildirilir ki, Muntyanunun göndərilməsi ilə bağlı artıq tərəflər arasında görüş keçirilib. Rəsmi açıqlamanın bu gün veriləcəyi gözlənilir.