Futbol

Türkiyə Superliqasında şok hadisə

Türkiyə Superliqasının son turunda keçirilən “Beşiktaş”-“Trabzonspor” qarşılaşmasında xoşagəlməz hadisə baş verib

Türkiyə Superliqasının son turunda keçirilən “Beşiktaş”-“Trabzonspor” qarşılaşmasında xoşagəlməz hadisə baş verib. Qarşılaşmanın 68-ci dəqiqəsində topa kəllə vurmağa çalışan rəqib komandanın oyunçuları baş-başa dəyiblər.

“Beşiktaş”dan Mustafa Pektemeklə “Trabzonspor”un əlcəzairli legioneri Səid Bəlkələm arasında baş vermiş toqquşmada birinci ciddi xəsarət alıb. Pektemekə tibbi müdaxilə göstərmək üçün təcili yardım maşını stadiona girməli olub.

“Beşiktaş” klubunun həkimi Ertuğrul Karanlık Pektemekin üzündə və burnunda sınıqlar olduğunu deyib: 

“Mustafanın tomoqrafiyası çəkilib. Burnunda və üzündə sınıqlar aşkarlanıb. Amma beyində və üzdə problem yoxdu. Mustafanın əməliyyata ehtiyacı var. Onu İstanbula aparıb-aparmayacağımıza qərar verəcəyik”. 

Pektemekin ən azı 3 aydan sonra yaşıl meydanlara qayıdacağı gözlənilir.