Futbol

“Azərbaycanla oyuna istirahət üçün çıxacağımıza inanıram”

UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində son iki oyununu Malta və Azərbaycan millilərinə qarşı keçirəcək Kosovo yığması təlim-məşq toplanışına start verib.

Dsport.az xəbər verir ki, noyabrın 12-də Priştinadakı “Fadil Vokkri” stadionunda baş tutan komandanın ilk məşqində 12 futbolçu iştirak edib. Məşqdən sonra Kosovo millisinin 3 futbolçusu qarşıdakı oyunlarla bağlı federasiyanın rəsmi saytına açıqlama verib:

Mirlind Kryeziu ("Sürix", İsveçrə): “Komandayla qürur duyuram. Kosovo yığmasında ilk məşqimdi, özümü yaxşı hiss edirəm. İsveçrə çempionatında birlikdə oynadığım bəzi futbolçuları tanıyıram. Müdafiə xəttində komandaya kömək edə biləcəyimi düşünürəm. Debüt? Buna ümid edirəm, amma qərarı baş məşqçi verəcək. Maltada qələbə qazanacağımıza, ardınca evdə qrupdan çıxmağı bayram edəcəyimizə ümid edirəm”.

Vedat Muriqi ("Rizəspor", Türkiyə): “Qrupdan çıxacağımızı gözləyirik. Hazırda komandanın bir hissəsi məşq etdi, bir gün əvvəl oyun keçirənlər yoxdu. Yaxın günlərdə toplanışı başa vuracağıq. Yaxşı hazırlaşıb, Maltada pley-off mərhələsinə vəsiqə qazanacağımıza və vətənə qayıtdıqdan sonra isə Azərbaycanla görüşə istirahət üçün çıxacağımıza inanıram. Yaxşı və pis oynamasından asılı olmayaraq, hücumçunun əlinə qol vurmaq üçün fürsət düşür. Malta ilə son matçımızda bir neçə imkanım olub. Amma millidə qolu kimin vurmasının önəmi yoxdu. Əsas məsələ qalib gəlmək və komanda şəklində irəliləməkdi”.

Donis Avdiyay ("Villem II", Hollandiya): “Komanda şəklində ilk dəfədi nəyəsə nail oluruq. Hər iki oyunda qalib gəlmək üçün bacarıq və keyfiyyətlərimiz var. Ancaq indi bütün komandalar futbolu necə oynamaq lazım olduğunu bilir. Hər kollektivin öz oyun üslubları var. Ona görə də qarşıdakı oyunlarda qalib gəlmək üçün maksimum güc sərf etməliyik. Bundan sonra ilk uğurumuzu bayram edə bilərik. Komandama kömək etsəm, xoşbəxt olacam. Bu, futboldu, hər kəs öz bacarığını tam şəkildə orataya qoymalıdı”.

Millətlər Liqasında D Liqasının 3-cü qrupunda Azərbaycan, Malta və Farer adaları ilə mübarizə aparan Kosovo millisi 8 xalla qrup lideridi. Kosovo noyabrın 17-də Maltanın qonağı olacaq, 3 gün sonra isə Azərbaycanı qəbul edəcək. Şənbə günü Bakı Olimpiya Stadionunda Farer adaları ilə qarşılaşacaq Azərbaycan millisi qrupda 6 xalla 2-ci sıradadı. Farer adalarının 4, Maltanın isə 2 xalı var.