Futbol

“Qarabağ”ın qapıçısı Fransa yığmasına qarşı oynadı

“Qarabağ”ın qapıçısı Hannes Halldorsson İslandiya yığmasının heyətində növbəti matçına çıxıb.

Dsport.az xəbər verir ki, onun komandası səfərdə bu yay dünya çempionu olmuş Fransa yığması ilə üz-üzə gəlib. 

Genqam şəhərindəki “Stad de Ruduru”da baş tutan görüşdə qalib müəyyənləşməyib - 2:2.

Halldorsson ikinci hissənin startında - 46-cı dəqiqədə meydana buraxılıb. İlk yarını öndə bitirən islandlar ikinci hissədə daha bir qol vurublar. Amma Hannesin komandası matçın sonuna 4 dəqiqə qalmış buraxdığı qollarla qələbəni əldən verib. Öncə 86-cı dəqiqədə Halldorssonun komanda yoldaşı avtoqola imza atıb. 90-cı dəqiqədə isə Fransa yığmasının gənc ulduzu qonaqların qapısına təyin olunan penaltini qola çevirməklə “Qarabağ”ın qolkiperini məyus edib.

Halldorsson matçın 77-ci dəqiqəsində sarı vərəqə ilə də cəzalanıb.