Futbol

Argentina yığmasının sabiq üzvü futboldan getdi

Futbol üzrə Argentina yığmasının sabiq müdafiəçisi Nikolas Burdisso futbolçu karyerasını başa vurub.

Dsport.az xəbər verir ki, o, bu barədə qərarını “İnstaqram” hesabı vasitəsilə açıqlayıb:

“Futbolçu karyeramı başa vurmağın zamanı yetişdi. Bu səyahət müddətində məni dəstəkləyən hər kəsə təşəkkürümü bildirirəm”.

Hazırda 37 yaşı olan argentinalı futbolçu peşəkar karyerasına 1999-cu ildə yetirməsi olduğu “Boka Xuniors”da başlayıb. 2004-cü ildə o, İtaliyanın “İnter” klubuna transfer olunub. Milan təmsilçisinin heyətində keçirdiyi 5 ildə 4 dəfə İtaliya çempionu olan müdafiəçi 2009-cu ildə “Roma”ya transfer olunub. 5 il də paytaxt təmsilçisinin uğurları üçün çalışan Burdisso 2014-də “Cenoa”ya üz tutub. Nikolasın son iş yeri 2017/18 mövsümündə şərəfini qoruduğu “Torino” olub. Argentina yığmasında 49 oyun keçirən Burdisso 2 qola imza atıb.