Futbol

Emin üçün 55 dəqiqə və 3 xal

Futbol üzrə Azərbaycan yığmasının sabiq üzvü, İsveçin “Kalmar” klubunun müdafiəçisi Emin Nuri uzunmüddətli zədədən sonra yaşıl meydanlara qayıdıb.

Dsport.az xəbər verir ki, mart ayının əvvəlində ağır zədə alan və geridə qalan 7 ayı müalicəsinə həsr edən azərbaycanlı futbolçu ötən gün klubun U-21 komandasının “Elfsborq”la oyununda start heyətdə meydana çıxıb. Emin fasilədən sonra – 55-ci dəqiqədə əvəzlənib.

Qarşılaşma isə “Kalmar”ın 4:1 hesablı qələbəsiylə başa çatıb. Bu klubun U-21 komandası 5 turdan sonra 10 xalla 8 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb.