Futbol

Deşam tarixə keçdi

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında Fransanı çempion edən baş məşqçi Didye Deşam tarixə düşüb.

Dsport.az xəbər verir ki, həlledici oyunda Xorvatiyaya 4:2 hesabıyla qalib gələrək dünya kubokunu başı üzərinə qaldıran “xoruzlar”ın çalışdırıcısı buna həm futbolçu, həm də baş məşqçi kimi nail olan ilk fransız olub. O, 1998-ci ildə Fransa təşkil olunan mundialda ölkəsinin yığması ilə kapitan kimi çempion olmuşdu.

Deşam həm futbolçu, həm də məşqçi kimi dünya çempionu olan üçüncü futbol adamıdı. Ondan öncə braziliyalı Mario Zaqallo və almaniyalı Frants Bekkenbauer də belə bir uğura imza atmışdılar. 87 yaşlı Zaqallo 2 dəfə futbolçu kimi dünya çempionu olub. Bu, 1958 və 1962-ci illərdə olub. O, 1970-ci ildə millisində baş məşqçi, 1994-cü ildə koordinator kimi mundialın qalibi olub. 72 yaşlı Bekkenbauer isə 1974-cü ildə futbolçu, 1990-cı ildə baş məşqçi kimi dünya çempionluğunu qazanıb.

Fransanı 49 yaşında çempion edən Deşam dünya kubokunun başı üzərinə qaldıran ikinci ən gənc mütəxəssis kimi də tarixə düşüb. Rekord isə Bekkenbauerə məxsusdu. Almaniyalı mütəxəssis 1990-cı ildə ölkəsinin yığmasını çempion edəndə 44 yaşı var idi.