Futbol

"Qarabağ"la oyunöncəsi "Neftçi"nin planları pozulub (Müsahibə)

"Bütün bu çətinliklərə baxmayaraq biz həftə sonu meydana yalnız qələbə üçün çıxacağıq"

“Neftçi”nin baş məşqçisi Arif Əsədov klubun rəsmi saytına müsahibə verib.

- Arif müəllim, “Qarabağ”a qarşı oyuna hazırlıq barədə məlumat verərdiniz.
- Kubok matçından sonra bütün diqqətimizi “Qarabağ”la görüşə yönəltmişik. Təəssüf ki, heyətlə bağlı problemlərimiz var. Vobay və Kauenin zədəli olması planlarımızı müəyyən mənada pozur. Bundan başqa, Elvin Yunuszadə və Elnur Allahverdiyev cəzalı durumdadılar. Bütün bu çətinliklərə baxmayaraq biz həftə sonu meydana yalnız qələbə üçün çıxacağıq.

- Bu futbolçuların yoxluğunda kimlərə şans verməyi düşünürsünüz?
- Son oyunlarda Nicat Qurbanov, Elvin Bədəlov və Emin Mehdiyevin xidmətindən yararlandıq. Müəyyən qədər oyun praktikasından əziyyət çəkirlər. Məsələn, “Qəbələ” ilə matçda Elvin Bədəlov müəyyən qədər çətinlik çəkmişdi, amma ikinci hissədə daha yaxşı oynadı. “Qaradağ Lökbatan” klubu ilə kubok matçında Emin Mehdiyev etimadı doğrultdu. Yəni oynadıqca bu problemlər də aradan qalxacaq. Onlar əsas heyətin üzvləridi və start heyətində möhkəmlənməyə çalışırlar. Komandada sağlam rəqabət mühiti formalaşıb və belə olan halda inkişaf da olacaq.

- “Qarabağ” klubu ilə matçı 6 xallıq oyun kimi də qələmə vermək olar. Bu görüş liderlə xal fərqini azaltmaq baxımından da əhəmiyyətlidi.
- “Neftçi” hər zaman yalnız çempionluq uğrunda mübarizə aparıb. Bu baxımdan qələbə qazanaraq xal fərqini azaltmaq istəyirik. Heyətlə bağlı çətinliklərimiz olsa da, meydana çıxacaq hər bir futbolçu yalnız qələbə üçün oynayacaq.

- Son oyunlardakı ardıcıl xal itkiləri və heyətlə bağlı problemlər komandada hər hansı psixoloji gərginlik yaratmayıb?
- Təbii ki, heyətdə cəzalı və zədəli futbolçular çox olanda sabit heyət qurmaqda çətinlik çəkirik. Bu mənada problemlər ola bilər. Amma psixoloji baxımdan hər şey qaydasındadı. Hər kəs üzərinə düşən məsuliyyəti anlayır və peşəkarlıqla əlindən gələnin ən yaxşısını etməyə çalışır.

- Son oyunlarda əsas heyətdə meydana çıxmış qapıçı Emil Balayev Almaniyanın “Ayntraxt” klubunda baxışdadı. Onun yoxluğu nə kimi təsir göstərir?
- Emil Balayev gənc və perspektivli qapıçıdı. Futbolda səhvlər qaçılmazdı. Bununla belə, biz Emilə şans verdik və o, ümidlərimizi doğrultdu. Onu əsas heyətdə meydana buraxmaqla legioner limitindən də daha səmərəli yararlana bilirdik. Bununla belə, klub rəhbərliyi də gənc yerli futbolçuların inkişafına hər zaman xüsusi həssaslıqla yanaşıb. Klubun da inkişaf strategiyası budu ki, gənc futbolçular burada özlərini inkişaf etdirib güclü xarici klubların diqqət mərkəzində düşsünlər. Bu ümumilikdə Azərbaycan futbolunun inkişafı baxımından əhəmiyyətlidi. Gələcəkdə digər futbolçularımız da legioner həyatı yaşamaq istəsələr, biz öz dəstəyimizi əsirgəməyəcəyik.