Futbol

Milli karyerasını bitirdi - DÇ-yə aparılmadığı üçün

İtaliyanın “Roma” klubunun yarımmüdafiəçisi Raca Naynqqolanın adı Belçika millisinin DÇ-2018 üçün açıqlanmış ilkin heyətə daxil edilməyib.

Dsport.az xəbər verir ki, baş məşqçi Roberto Martines mundial üçün açıqladığı siyahıya Nainqqolanın adını daxil etməyib. Futbolçu bu qərarın ardından milli karyerasını bitirdiyini açıqlayıb. Daha öncə siqaret çəkdiyi üçün heyətdən kənarda saxlanılan Nainqqolan “instaqram” hesabında belə qeyd edib:

“Təəssüf ki, milli karyeramın sonuna gəldim. Ölkəmi təmsil edə bilmək üçün əlimdən gələni etdim. Özünüz kimi olmaq bəzən sıxıntı yaradır. Bu gündən etibarən Belçika millisinin ən böyük azarkeşiyəm”.

Xatırladaq ki, 2009-cu ildən millinin şərəfini qoruyan 30 yaşlı futbolçu yığmanın formasında şans qazandığı 29 oyunda 6 qol vurub.