Futbol

Gerrye Argentinaya qarşı oynamaqdan imtina etdi

"Qarabağ”ın və Haiti millisinin futbolçusu Donald Gerrye Argentinaya qarşı yoldaşlıq üçün yığmanın heyətində yer almamasının səbəbini açıqlayıb.

Dsport.az xəbər verir ki, o, bunun şəxsi planları ilə əlaqədar olduğunu bildirib: “Bununla bağlı Haiti Futbol Federasiyasının rəhbərliyi ilə danışmışam. Mənə mayın 29-da Argentina millisi ilə yoldaşlıq görüşü olacağını söylədilər. Onlara dedim ki, artıq məzuniyyətimi planlaşdırmışam və otellərdə 6 nəfərlik ailə üzvlərim üçün otaq bron etmişəm. Mayamidə 3 gün üçün 1400 dollar, Dominikan Respublikasında bir həftəmizə 2 min dollar və "Royal Oasis”də 2 günümüzə 800 dollar ödəmişəm. İl ərzində fasiləsiz oynamışam. Övladı yeni dünyaya gələn bacımı ziyarət etməliyəm”.

Gerrye onu da deyib ki, "Qarabağ”da ona cəmi 8 günlük məzuniyyət veriblər: "Klubum avrokuboklarda çıxış edəcək. Bizdə 8 gündən uzun məzuniyyət yoxdu. "Qarabağ” çempionatda son oyununu mayın 21-də keçirəcək. Avstriyada 3 həftəlik təlim-məşq toplanışına yollanmaq üçün iyunun 1-də klubumun düşərgəsində olmalıyam. Ona görə də mayın 22-də Argentinaya yollanmaq, orada 7 gündən sonra 30-da geri dönmək mənim üçün çətindi. Ailəm üçün çox darıxmışam. Buna görə anlaşılmazlığın səbəbini başa düşmürəm".