Futbol

“Beşiktaş”ın prezidenti: “Azərbaycanda oyun keçirəcəyik”

Türkiyənin “Beşiktaş” klubunun prezidenti Fikrət Ormanın bu gün Bakıda səfərdə olduğunu xəbər vermişdik. Bakıda “Beşiktaş”ın prezidentinin adına futbol turniri təşkil ediləcək. Orman da məhz Azərbaycan “Beşiktaş”lılar dərnəyi tərəfindən təşkil olunan turnirin açılışını etmək üçün paytaxtımıza gəlib.

Dsport.az xəbər verir ki, Orman Azərbaycandakı “Beşiktaş” azarkeşləri ilə görüşdə bunları deyib:

“Azərbaycan bizim canımız, qanımızdı. Biz bir millət, iki dövlətik. "Beşiktaş" hər iki dövləti təmsil edir.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı tədbir keçiriləcək. Cümhuriyyətin şərəfinə Azərbaycanda oyun keçirəcəyik. Çox güman ki, "Beşiktaş" Azərbaycandan olan seçmə futbolçularla dostluq görüşü keçirəcək.

Azərbaycanla bağlı bir çox planlarımız var. Bakıda "Beşiktaş"ın rəsmi mağazasının açılışını edəcəyik".