Futbol

“Azərbaycan - Kosovo oyunları final ab-havasında keçəcək”

Kosovo yığmasının üzvü Besar Musoli Dsport.az saytına müsahibə verib. Musoli Millətlər Liqasının D qrupunda millimizə rəqib olan komandasının da şanslı olduğunu hesab edir. 

Kosovolu futbolçu Azərbaycanla oyunların final ab-havasında keçəcəyini söyləyib:

- Besar, Kosovo yığmasında oynadığın üçün sənin Azərbaycan millisi haqda fikirlərini bilmək maraqlı olardı. Ümumiyyətlə, Azərbaycan yığması haqda hansı fikirdəsən?
- Azərbaycan millisinin güclü komanda olduğunu bilirəm. Son tsikldə də çox yaxşı çıxış etdilər. Hətta qrupdan da çıxmaq üçün sona qədər şanslarını saxlamışdılar. Bu da Azərbaycan yığmasının gücündən xəbər verir. 

- Millətlər Liqasında yer aldığınız qrupda oynamaq sizin üçün çox ağır olacaq?
- Qrupdakı rəqiblərimiz zəif deyil. Malta yığması da hər zaman qruplarda rəqibləri üçün çətinlik yaradır. Azərbaycan yığmasının da gücü haqda fikirlərimi bildirdim. Farer adaları ilə oyunlar asan olmayacaq.

- Azərbaycan yığmasını qrupun favoriti hesab edirsiz?
- Məncə, belədi. Favorit Azərbaycan yığmasıdı. Çünki onlar hamıdan təcrübəli və güclüdü.

- Ancaq Azərbaycanda çoxları düşünür ki, Kosovo yığmasının əksər oyunçuları legioner həyatı yaşadığından bu millimiz üzərində üstünlükdü...
- Xeyr, mən bunu üstünlük hesba etmirəm. Çünki yığma komanda başqadı, klub karyerası başqa. Hansı klubda oynasan belə, millidə az müddətdə birlikdə olursan. Ancaq hər halda futbolçularımızın səviyyəsi baxımından bəlkə də dediklərinizdə həqiqət var. Azərbaycan – Kosovo oyunları məncə, final ab-havasında keçəcək.

- Azərbaycan millisinin son olaraq hansı matçını izləmisən?
- Almaniya və Çexiya ilə oyunları izləmişəm. Hətta Almaniyaya səfərdə qol da vurmuşdunuz. Ona görə də deyə bilərəm ki, Azərbaycan həqiqətən güclü komandadı. 

- Azərbaycanla matçda sizi altı xal qane edəcək, yoxsa dörd xala da razı olacaqsız?
- Təbii ki, hər zaman meydana qələbə üçün çıxacağıq. Azərbaycanla həm səfərdə, həm də evdəki görüşdə də qələbə qazanmaq istəyəcəyik. Bəlkə də hər iki görüşü udduq, ya uduzduq, bunu indidən demək olmaz.