Futbol

Belçika klubunun üzvü “Səbail”də?

Topaz Premyer Liqasının debütantı “Səbail” heyətini daha bir futbolçu ilə gücləndirə bilər.

Dsport.az xəbər verir ki, paytaxt klubu uqandalı yarımmüdafiəçi Faruk Miyanın transferini həyata keçirməyə çalışır. Bu barədə Belçika mətbuatı məlumat yayıb. Məsələ burasındadı ki, Miya müqavilə ilə bu ölkənin “Standard” klubuna məxsusdu. Lakin o, cari mövsümdə bu komandada əsas heyətə düşə bilmir və daha çox gənclərdən ibarət kollektivlə oyunlara çıxır.

Xəbərdə bildirilir ki, Miya mövsümün sonuna kimi “Səbail”ə icarəyə veriləcək.

Qeyd edək ki, uqandalı futbolçu “Standard”a 2016-cı ildə ölkəsinin “Vipers” klubundan 400 min avroya transfer edilib. Ötən il Belçikanın “Muskron” klubuna icarəyə verilən Faruk bu komandada cəmi 4 oyuna çıxıb.

Gənc olmasına baxmayaraq, Miya Uqanda millisində 40-dan çox oyun keçirib.