Futbol

Futbol tarixinin ən bahalı komandaları açıqlandı

Heyətindəki oyunçuların transfer haqqı üçün 878 milyon avro xərcləyən İngiltərənin “Mançester Siti” klubu tarixin ən bahalı komandası ünvanına sahib çıxıb.

Dsport.az xəbər verir ki, Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES), Avropanın 5 ən böyük liqasında (İspanya La Liqası, İngiltərə Premyer Liqası, Almanya Bundesliqası, İtaliya A Seriyası və Fransa Liqa 1) mübarizə aparan 98 komandanın heyətini dəyərləndirib.

Siyahıda ikinci yeri Fransanın PSJ klubu tutur - 805 milyon avro. İngiltərənin “Mançester Yunayted” klubu (747 milyon avro) üçüncüdü.

İspaniya nəhənglərindn “Barselona” (725 milyon avro ilə 4-cü pillə) və “Real”ın (497 milyon avro ilə 6-cı pillə) ilk üçlüyə düşə bilməməsi diqqət çəkib.

Heyətini ən ucuz futbolçulardan quran komanda Fransanın “Trua” klubudu. Bu komanda indiki heyətini formalaşdırmaq üçün cəmi 2 milyon avro xərcləyib.

İngiltərə Premyer Liqası iştirakçıları orta hesabla 291 milyon avroluq heyət qurublar ki, bu baxımdan sözügedən ölkə digərlərini qabaqlayır. Sonrakı yerləri İspaniya La Liqası (131 milyon avro), İtaliya A Seriyası (124 milyon avro), Almaniya Bundesliqası (113 milyon avro) və Fransa Liqa 1-i (97 milyon avro) tutur.

İlk “onluq”da qərarlaşan klublar isə bunlardı:

1. Mançester Siti (İngiltərə): 878 milyon avro
2. PSJ (Fransa): 805
3. Mançester Yunayted (İngiltərə): 747
4. Barselona (İspaniya): 725
5. Çelsi (İngiltərə): 592
6. Real (Madrid, İspaniya): 497
7. Liverpul (İngiltərə): 461
8. Yuventus (İtaliya): 448
9. Arsenal (İngiltərə): 403
10. Everton (İngiltərə): 365