Futbol

“Roma”lı futbolçudan baş məşqçiyə etiraz - VİDEO

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində İsveçə qarşı cavab pley-off qarşılaşmasında istədiyi nəticəni qazana bilməyən (0:0, ilk oyun 0:1) İtaliya millisi 60 il sonra mundialdan kənarda qaldı.

Dsport.az xəbər verir ki, Milanda, “San Siro” stadionunda keçirilən cavab oyunu zamanı futbolçular və məşqçilər heyətinin əsəbləri tarıma çəkilib. İkinci hissənin ortalarında “skuadra adzurra”nın baş məşqçisi Campyero Ventura ehtiyat oyunçular skamyasında olan “Roma”nın dayaq yarımmüdafiəçisi Daniele De Rossini isinmə hərəkətləri etməyə göndərmək istəyib. Lakin 34 yaşlı futbolçu baş məşqçinin bu tapşırığına sərt etiraz edib. De Rossi ona bu göstərişi çatdıran Venturanın köməkçisinə əli ilə yığmanın hücumçusu Lorentso İnsinyeni göstərərək, “bu ... oyunda niyə meydana çıxmalıyam? Bizim heç-heçəyə yox, qələbəyə ehtiyacımız var” deyib.

De Rossi oyundan sonra yerli mətbuata açıqlamasında ehtiyat oyunçular skamyasında dediyi sözləri təsdiqləyib:

“Hesab 0:0 idi və biz heç-heçəyə oynamırdıq. Mənim yerimə hücumçulardan İnsinye və ya El Şaravinin çıxmasını istədim”.

Xatırladaq ki, “Roma”nın üzvü matçdan sonra milli karyerasını bitirdiyini açıqlayıb.