Futbol

Bakının "Yuventus"u Azərbaycan millisi ilə San Marinoya gedir

İkinci “MFL  Kuboku” başa çatandan sonra tamhəcmli turnir başlayacaq ki, bu liqada həvəskar futbolçular 1 il ərzində ən güclü mini futbol komandası adı uğrunda mübarizə aparacaqlar.

Avqustun 22-də “Sportster” meydançasında həvəskar futbolçuların “MFL San Marino Kuboku”nun final qarşılaşması keçirilib. Həyəcanlı final görüşündə çempionatın ən güclü 2 komandası – “Azfar” və “Yuventus Baku” üz-üzə gəlib.

MFL kubokunun finalında topa ilk toxunuşu “Zirə”nin, eyni zamanda San Marinoya yollanacaq Azərbaycan millisinin oyunçuları Elvin Məmmədov və Anar Nəzirov ediblər.

“Azfar” tam gücü ilə sonadək oynasa da, Azərbaycanın “Qoca Sinyorası” uzaqdan ötürmələri iki dəfə qola çevirə bilib. Hər 2 qol Bəhruz Rüstəmovun ayağına yazılıb. Oyunun ilk hissəsində “Yuventus Baku” 2:0 hesabı ilə irəlidə olsa da, ikinci hissədə “Azfar” hesabı bir top fərqinə sala bilib. Qolun müəllifi isə Emin Tağıyev olub. Nəticə də dəyişmədi – MFL San Marino Kuboku-nun qalibi “Yuventus Baku” olub. 

Oyundan dərhal sonra çempionlara kubok təqdim edilib. Turnirdə birinci və ikinci yerləri tutan komandalar isə medallarla təltif olunublar. Bundan əlavə, MFL şirkəti turnir boyu əlini və ayağını ən yaxşı işlədən oyunçuları da unutmayıb. Çempionatın bombardiri adını “Olimpikstar” komandasından Kərimov Zakir (13 qol) qazanıb. MFL turnirinin ən yaxşı qapıçısı isə qalib komandanın – “Baku Yuventus”un “əli əlcəklisi” Kamran İsgəndərov olub.
 
Qalib komanda – “Yuventus Baku” AFFA-nın dəstəyi ilə sentyabr ayında milli yığmamızla birlikdə Azərbaycan - San Marino oyununu izləməyə gedəcək.

Oyunun hakimləri Ramil Namazov, Süleyman Ağayev, Əli Cəbrayılov idi. 

Final qarşılaşması və mükafatlandırma mərasimi MFL-in facebook səhifəsində (https://www.facebook.com/mfl.baku) canlı yayımlanıb. Turnirin son oyununu izləməyə AFFA-nın baş katibi Elxan Məmmədov, tanınmış futbol şərhçisi Doktor Ziya, milli yığmanın oyunçuları və media nümayəndələri gəliblər.

AFFA-nın baş katibi Elxan Məmmədov çempionatın təşkilini yüksək dəyərləndirib: “Sevinirəm ki, Azərbaycanda həvəskar futbolçuların bu cür turniri keçirilir. Hazırda burada yoldaşlıq, futbol və həvəskar ab-havası var. Özüm də 1990-2000-ci illərdə belə turnirlərə qatılırdım. Elə o vaxt oynayan bəzi həvəskarları burada gördüm, çox xoş oldu. Bu gün qalib olacaq komandanın milli yığma ilə eyni təyyarədə uçması, demək olar ki, bir həftə ərzində birlikdə olmaları və oyuna potensial azarkeş qismində qatılmaları hər iki tərəf üçün motivasiyadı”.

MFL turnirinin təşkilatçısı olan SMG şirkətinin direktoru Ayaz Əhmədov isə finala layiq oyun olduğunu, layiq olanın qalib gəldiyini bildirib. Əlavə etdi ki, MFL dayanmayacaq və sentyabrda birillik liqaya start verəcək.

MFL-in həmtəsisçisi Rəhman Hacı da final oyunu barədə fikirlərini bölüşüb: “Milan” azarkeşi olsam da, mənə görə “Yuventus Baku” qələbəyə ən çox layiq olan komanda idi, onlar da qalib gəldi. Əlavə edim ki, MFL həvəskar futbolda yeni dalğadı”.

Doktor Ziya isə MFL San Marino Kuboku-nu belə dəyərləndirib: “Özüm də bəzən bu cür formatda futbol oynayıram. Amma ilk dəfə görürəm ki, məhəllə futbolunun turniri keçirilsin və finala qədər gəlinsin. Finala layiq oyun oldu. Üstəlik, qalib komandanın hədiyyə olaraq milli ilə San Marinoya getmələri onlar üçün əsl motivasiyadı. General olmaq istəməyən əsgər əsgər deyil. Peşəkar olmaq istəməyən futbolçu isə futbolçu deyil”. 

Qonaqlardan futbol bloqqeri Erkin İbrahimov MFL-ə müsahibəsində bildirib ki, “Azərbaycan futbolunda bu il müsbət nəsə baş veribsə, onlardan biri də MFL-di. Burada məğlub yoxdu, hər kəs qalibdi”. 

ATV televiziya kanalında yayımlanan idman xəbərlərinin aparıcısı Sənan Şəfizadə də final qarşılaşmasını izləyənlər arasında idi: “Vaxt var idi, məhəllədə top bir adamda olurdu. Oyundan sonra da topu özü ilə götürüb aparırdı. Xatırladığım məhəllə futbolu belə olub. İndi isə MFL məhəllə futbolunu inkişaf etdirir, çempionat təşkil edir. Deyim ki, gələn turnir üçün artıq komandamızı formalaşdırmışıq”.

“MFL San Marino Kuboku” iyulun 22-də 40 komandadan olan 400 həvəskar futbolçu ilə start götürmüşdü. MFL-in təşkil etdiyi ilk turnirdə komandaların limit sayı 24 olsa da, ikinci çempionatda müraciətlərin çoxluğunu nəzərə alaraq, təşkilatçılar bu sayı 40-a qaldırmışdılar.

“MFL San Marino Kuboku” çempionatının təşkilatçıları MFL şirkəti və “Sport Marketing Group” - SMG şirkətidi. Çempionatın əsas tərəfdaşı AFFA-dı. Oyunlara ev sahibliyini isə “Sportster” Kompleksi edi. 

Nəzərinizə çatdıraq ki, ikinci “MFL  Kuboku” başa çatandan sonra tamhəcmli turnir başlayacaq ki, bu liqada həvəskar futbolçular 1 il ərzində ən güclü mini futbol komandası adı uğrunda mübarizə aparacaqlar.