Futbol

"Arvad kimi oynadı, arvad kimi oynamayın, bunlar da arvadlaşdılar..."

"Zəif oynayanı - söhbət təkcə müdafiə futbolu oynayan komandalardan getmir, arvad adlandırmaq təkcə dilin qüsuru deyil. Bu, insanın, fikir daşıyıcısının, bütövlükdə isə cəmiyyətin səhvi, mənə görə isə faciəsidir".

Deyəsən, bu tip sözlər və ifadələr dildən heç vaxt təmizlənməyəcək. Çünki nə bu mövzuya mediada istiqamət verəcək şəxslər var, nə də beyinlər yenilənir... 

Son günlərdə tez-tez bu tip cümlələrlə rastlaşıram. Səbəbi hamıya aydın olan, patriarxal cəmiyyətlər üçün xarakterik olan söz və söz birləşmələri dili zənginləşdirmir, əksinə, onu cılızlaşdırır və ucuzlaşdırır. "Arvadağız", "arvad kimi" kimi ifadələrin mənasını verən dilçi alim, bunu lüğətə salan şəxsin ifadənin absurdluğu barədə qeyd verməməsi, həmin lüğətin mediada və hansısa müzakirə məkanlarında tənqid olunmaması ölkədə ziyalılıq adına utancdı. 

Əvvəla, kişi üçün uyğun görülən ifadə tərzinin güc olması, qadının - zəriflik nişanı formasında təqdimatı bu iki cins arasında üstünlük fərqi yaratmır. Vəhşi təbiətdə güc üstünlük sayıla bilər: pişiyin itdən qorxması misalında da buna baxa bilərik. Amma şüurlu insanlar arasındakı münasibəti və pillələri yaradan şərt güc ola bilməz. Bu şüurun özü ilə tərs mütənasibdir. 

Əgər kişilik və arvadlığı güc amili müəyyən edirsə, deməli, insanın hansı cinsdən olması nisbi məsələdir. Deyək ki, məndən daha çox qol gücü olan futbolçu mənim yanımda kişi sayılırsa, boksçunun həndəvərində avtomotik olaraq arvadlaşır. 

Çox absurd cümlə alındğını bilirəm, sadəcə, bu tərz danışığa sahib şəxslərin də həmin mənasızlığı anlaması üçün misalı bu tipdə seçirəm. 

Zəif oynayanı - söhbət təkcə müdafiə futbolu oynayan komandalardan getmir, arvad adlandırmaq təkcə dilin qüsuru deyil. Bu, insanın, fikir daşıyıcısının, bütövlükdə isə cəmiyyətin səhvi, mənə görə isə faciəsidir. 

Çünki insanların cinsindən asılı olaraq aşağı və yuxarı, uğurlu və uğursuz, ağıllı və ağılsız olaraq dəyərləndirilməsi və birinin bu formada təhqir edildiyi cəmiyyətlərdə qadın haqları probleminin dərinliyi ölçülməz qədər çox olur. Bizdə də bunu əyani və qiyabi formada görmək üçün ölkəni dolaşmağa ehtiyac yoxdur. Yaxın radiusda atası tərəfindən məhkum edilmiş və dustaq həyatı yaşayan yüzlərlə xanım görə bilərik. Ailə həyatı qurmaqla başqa bir cəzaçəkmə müəssisəsinə köçürülən bu xanımların əksəriyyəti bunun mahiyyətini belə anlamır. Demək istədiyim odur ki, dildəki qüsurlu ifadə təkcə dillə yekunlaşmır, əksinə, daha qlobal bir problemi ifadə edir. 

"Filan komanda yubka geyinib oynasın" tipli şərhlər də rastımıza çıxa bilər. Yubka geyinmək, qadın olmaq niyə təhqir olunma səbəbi olmalıdır? Mənim gözümün önünə belə cümlələr zamanı anam gəlir. Yubka da geyinir, üstəlik də arvaddır - ərli qadın... Amma indiyə qədər bu iki amilin onun pis hərəkətinə təsirini görməmişəm. Yubka geyinən anamın şalvar geyinən atamdan cəsarət baxımından geri qaldığını da deyə bilmərəm. Ümumiyyətlə, bu cür mənasız izahlarıma özüm belə gülürəm. Amma yazdığım formada şərhlər var və həddən çoxdu... 

Arvad sözünün izahlı lüğətdə verilən mənası ərli qadındır. Əri olan xanımın qorxaq olmaq səbəbi nədir? Yeri gəlmişkən, xanım çox gözəl sözdür. Və onu futbola tətbiq etmək, hansısa bənzətmə aparmaq istəyiriksə, bunu müsbət mənada apara bilərik. Məsələn, Messinin ötən aylarda Lavezziyə verdiyi qol ötürməsi çox xanımvari idi: səliqə, estetika, zövq və həzz...
Yuxarıdakı cümlənin özü də absurddur. Kişi kişi kimi pas verir, qol vurur, müdafiə olunur, qol buraxır. Qadın futbolundakı futbolçular da eyni elementləri qadın kimi icra edirlər. Çünki hansısa futbol elementi hansısa cinsə xas deyil. Ona görə də, müsbət və mənfi anlam daşımasından asılı olmayaraq, hansısa cinsi digərindən üstün göstərmək üçün işlədilən bütün ifadələr səhvdir.

Mən yazıda seksizm, seksist kimi sözlərdən istifadə etmədim ki, bir də buna görə açıqlama vermək məcburiyyətində qalmayım. Amma yazıdakı ifadələri istifadə edənlər bir az araşdırmaqla təmsil etdikləri qrup haqqında ətraflı məlumat ala bilərlər.

Elvin Cəbizadə