Formula 1

Formula 1: Bakı Şəhər Halqası sınaqdan keçirildi

"Hazırda trek boşdu deyə bir az asan idi, lakin öndə avtomobillər və ya yavaş sürücü olanda və yaxud da qəza şəraiti olanda oradan keçmək çətin olacaq".

Mayın 29-u, səhər saat 10:00-da Azərbaycanın istedadlı gənc Formula 3 pilotu və Avropa Qran Prisinin rəsmi elçisi Gülhüseyn Abdullayev GP3 seriya yarışlarına məxsus avtomobildə Bakı Şəhər Halqasını 4 dövrə vuraraq Formula 1-in ən yeni şəhər trekini ilk dəfə sınaqdan keçirib.

Sınaq yürüşündən sonra Gülhüseyn Abdullayev Azadlıq meydanında yerləşən Pit binasının qarşısına toplaşan jurnalistlərin suallarını cavablandırıb. Formula 3 yarışlarında Azərbaycanı yüksək səviyyədə təmsil edən 19 yaşlı pilot Bakı Şəhər Halqası haqqında ilk təəssüratlarını media nümayəndələri ilə bölüşüb:

"Bakı Şəhər Halqası həm yavaş, həm də sürətli döngələrin kombinasiyasından ibarətdi. Ümumiyyətlə çox gözəl qurulub. Digər şəhər treklərindən fərqli olaraq genişliyi də yetəri qədərdi. 

Qoşa Qala qapısı ətrafındakı 8-10-cu döngələr mənə çox maraqlı gəldi. İnanıram ki, orada yarış zamanı çox maraqlı məqamlar olacaq. Əslində həmin döngələrin olduğu hissə çox da asan deyil. Hazırda trek boşdu deyə bir az asan idi, lakin öndə avtomobillər və ya yavaş sürücü olanda və yaxud da qəza şəraiti olanda oradan keçmək çətin olacaq. 

Treki çox bəyəndim. İcazə versəydilər daha çox sürmək istəyərdim. Bütövlüklə Bakı Şəhər Halqası digər şəhər trekləri ilə müqayisədə onlardan heç də geridə qalmır. Hətta onların çoxundan daha yaxşıdı. İnanıram ki, bütün Formula 1 pilotları bu yarışı səbrsizliklə gözləyirlər və buradan razılıqla ayrılacaqlar. 

Avropa Qran Prisində kimin qalib gələcəyini indidən demək hələ ki, çox çətindi. Çünki bütün pilotlar üçün bura yeni trekdi. Məhz buna görə də burada yarış maraqlı olacaq. Bakıda sürmək tamamilə fərqli bir hissdi. Uşaqlığımdan arzum idi ki, Azərbaycanda trek olsun, şəhər treki və yaxud daimi trek, orada sürüm. Bu gün uşaqlıq arzum gerçəkləşdi. Ona görə də çox xoşbəxtəm".

Azərbaycanı beynəlxalq yarışlarda qürurla təmsil edən gənc pilot Gülhüseyn Abdullayevin Bakı Şəhər Halqasındakı sürət performansını trek ətrafına toplaşmış yüzlərlə şəhər sakini böyük maraqla izləyib.