Formula 1

Formula 1 Bakı Qran-Prisinə görə yollar bağlanır

Yolun həmin hissəsində 3 hərəkət zolağı avtomobillərin hərəkəti üçün bağlı olacaq və Hökumət Evi ətrafında avtomobillərin parklanmasına icazə verilməyəcək.

Bu il Bakıda ilk dəfə keçiriləcək Formula 1 Avropa Qran Prisi ərəfəsində Bakı Şəhər Halqasının keçdiyi küçələrdəyarışason hazırlıq işləri aparılır. İndiki mərhələdə trek boyunca təhlükəsizlik baryerləri quraşdırılmaqdadı.

Əməliyyat şirkəti şəhər sakinlərinin möhtəşəm yarışın yüksək səviyyədə təşkil olunmasında göstərdiyi dəstəyə görə böyük minnətdarlığını bildirir və qeyd edir ki, plana əsasən aparılan hazırlıq işlərini vaxtında yekunlaşdıra bilmək üçün paytaxt sakinlərinin anlayışına və davamlı dəstəyinə ehtiyac var.

Hazırda trek boyunca təhlükəsizlik baryerlərinin quraşdırılması işləri sürətlə aparılmaqdadı. Bakı Şəhər Halqasının keçdiyi küçələrdə yol kənarında parklanmış avtomobillər iş prosesini ləngidi, hətta bəzi hallarda işin gedişatını tamamilə əngəlləyir.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti Sizdən A.Puşkin, Xəqani, Zərifə Əliyeva, Əziz Əliyev və İstiqlaliyyət küçələrinin, Bülbül və Neftçilər prospektlərinin trekə düşən hissələrində avtomobillərinizi saxlamamağınızı xahiş edir. Əks halda həmin yerlərdə saxlanılmış avtomobillərin ərazidən təhlükəsiz şəkildə uzaqlaşdırılması ilə bağlı olaraq Dövlət Yol Polisi lazimi tədbirlər görəcək.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tikinti-quraşdırma işlərinin davam etdiyi yerlərdə həm avtomobillərin mümkün zərərdən qorunmasında, həm də yarışa hazırlıq işlərinin aramsız şəkildə həyata keçirilməsində göstərəcəyiniz anlayışa görə təşəkkür edir, verilən müvəqqəti narahatlığa görə üzr istəyir.

Bundan əlavə, Avropa Qran Prisi ərəfəsində Bakı Şəhər Halqasında Formula 1-ə dəstək yarışlarından olan GP2 yarışları da təşkil olunacaq.

Hökümət Evinin arxa tərəfində bu yarışda iştirak edəcək GP2 komandaları üçün qarajların quraşdırılması işlərinə start verilib.

Bu səbəbdən Üzəyir Hacıbəyov küçəsinin A.Puşkin küçəsi və Azadlıq prospekti iləkəsişmələri arasındakı hissəsində nəqliyyatın hərəkəti 12 may - 21 iyun tarixləri arasında məhdudlaşdırılacaq.

Yolun həmin hissəsində 3 hərəkət zolağı avtomobillərin hərəkəti üçün bağlı olacaq və Hökumət Evi ətrafında avtomobillərin parklanmasına icazə verilməyəcək. Bu ərazidə yerləşən piyada keçidləri isə normal fəaliyyətinə davam edəcək.

Şəhər sakinləri Azadlıq meydanının altında yerləşən avtomobil dayanacağından yarış həftəsinə qədər istifadə edə biləcəklər.