Avropa Liqası

“Arsenal”ın forvardından Avroliqada final iddiası

İngiltərənin “Arsenal” klubunun hücumçusu Pyer-Emerik Obameyanq Avropa Liqasında “Vorskla” ilə keçirilən oyundan (4:2) sonra fikirlərini bildirib.

Dsport.az xəbər verir ki, Obameyanq bu qarşılaşmada dubl edib. Qabonlu futbolçu məqsədlərinin Avropa Liqasının finalına çıxmaq olduğunu deyib:

“Hesab edirəm ki, “Arsenal” ilk hissəni və ikinci hissənin əvvəlini əla keçirdi. Ancaq oyunumuzu daha da yaxşılaşdırmalıyıq. Bir daha oyunun sonlarında buraxdığımız kimi qol buraxmamalıyıq.

Ötən mövsüm uşaqlarla Avropa Liqasında yox idim. Bu turnirə qayıtdığım üçün şadam. Biz finala qədər getmək istəyirik. Hədəfimiz budur və hesab edirəm ki, buna nail olacağıq”.

Obameyanq Avropa Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər arasındadır.

“Arsenal” “Qarabağ”la eyni qrupda yer alıb.