Avropa Liqası

“Qarabağ”ın futbolçusu: “Heç kimdən qorxmuruq”

“Qarabağ”ın futbolçusu Yakub Jezniçak Polşa mətbuatına müsahibə verib.

Dsport.az xəbər verir ki, polşalı müdafiəçi Avropa Liqasının qrup mərhələsinin ilk turunda bu gün “Sportinq”lə keçirəcəkləri oyun haqda fikirlərini bildirib. Jezniçak mütəxəssislər tərəfindən favoritin “Sportinq” olduğunu deyib:

“Bura 25 futbolçu, həmçinin, təlim heyəti və masajçılarla gəlmişik. Bizdə belə bir adət var ki, oynaya bilməyən futbolçular da komanda ilə səfərə çıxırlar. Hər şey elə təşkil olunub ki, hamı bir yerdə olmalıdı. Hadisələrin gedişi göstərir ki, start heyətində meydana çıxacam. “Sportinq”ə sürpriz etmək istəyirik. Çünki mütəxəssislərin çoxu bu görüşdə Lissabon komandasının qələbə qazanacağını gözləyir. Ümid edirəm ki, 90 dəqiqənin sonunda hədəfə çatan biz olacağıq”.

Jezniçak Çempionlar Liqasında bəxtlərinin gətirmədiyini, bunun üçün də Avroliqaya düşdüklərini deyib:

“Bu il Çempionlar Liqasında bəxtimiz gətirmədiyi üçün Avroliqaya düşdük. Amma burda da “Arsenal” və “Sportinq” kimi ÇL səviyyəsində komandalarla düşdüyümüz üçün şanslıyıq. “Vorskla” nisbətən zəif görünür, ancaq bu cür turnirlərdə belə komandaların necə irəli getdiyini yaxşı bilirik. Xüsusilə, Ukrayna klubuna qarşı daha yaxşı hazırlaşmalıyıq. Heç də ancaq müdafiə olunmaq haqda düşünmürük. Baş məşqçimizin fəlsəfəsi elədir ki, heç kimdən qorxmuruq, bütün rəqiblərə qarşı yaxşı futbol oynamağa çalışırıq. Bunu ötən il Çempionlar Liqasında da göstərdik. Hətta “Atletiko”yla oyunlarda topa sahib olma nisbəti bizim tərəfimizdə idi. Hər matçda eyni cür oynamaq istəyirik.

“Sportinq”in üstün tərəflərini yaxşı bilirik. Portuqaliya klublarının sürətli hücumlar qurmasından xəbərimiz var. Onları dayandırmalı və topu çox bir-birlərinə ötürmələrinə imkan verməməliyik”.

"Qarabağ" bu gün səfərdə "Sportinq"lə qarşılaşacaq. Lissabondakı "Joze Alvalade" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.