Avropa Liqası

“Qarabağ”la oyuna ciddi köklənməliyik”

Portuqaliyanın “Sportinq” klubunun baş məşqçisi Joze Pezeyro Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah “Qarabağ”a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb.

Dsport.az xəbər verir ki, 58 yaşlı mütəxəssis qarşıdakı matçda yaxşı nəticə qazanmağın önəmli olduğunu vurğulayıb:

“Komandamız ötən mövsüm Avropa Liqasında yaxşı çıxış etdi. “Sportinq” yalnız "Atletiko"ya uduzdu. Bu, bizim yaxşı işlər görə biləcəyimizə işarədi. Bu mövsüm də yaxşı çıxış etməyi hədəfləmişik. “Qarabağ”la oyuna ciddi köklənməliyik. Rəqiblərimizdən daha çox qol vurmalıyıq”.

Portuqaliyalı baş məşqçi "Qarabağ" barədə də danışıb: "Rəqib son 5 mövsümdə 5 dəfə ölkə çempionu olub. "Sportinq"i məğlub edən "Atletiko" ilə heç-heçə edib. Topla oynamağı sevən komandadı. Rəqibimizi yaxşı tanıyırıq. Avropa Liqasında yaxşı başlanğıc etmək vacibdi. Öz oyun planımız və strategiyamız var. Lakin "Qarabağ" haqqında daha çox şeyləri araşdırmalıyıq”.

Joze Pezeyro zədəli futbolçu Bas Dost barədə də fikirlərini bölüşüb: "Bas Dostu əvəz edəcək başqa futbolçularımız var. O, tezliklə sıraya qayıtmalıdı".

O, son olaraq Portuqaliya klubunun azarkeşlərinə səslənib: "Komandaya dəstək olmaq üçün azarkeşlərə müraciət edirəm. Ümid edirəm ki, sabah hamınız stadionda olacaqsız".

Qeyd edək ki, sentyabrın 20-də Lissabondakı "Joze Alvalade" stadionunda keçiriləcək "Sportinq" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.