Digər növlər

Azərbaycan Reqbi Federasiyasının rəsmisi: "Reqbi xasiyyətcə azərbaycanlılara yaxın olan idman növüdür" (Müsahibə)

Hər nə qədər Azərbaycanda bir o qədər populyar olmasa da, dünyada, xüsusilə də Avstraliya və Okeaniya, Afrika, Avropa ölkələrində kifayət qədər məşhur olan idman növlərindən biri də reqbidi.

Son illərdə bu idman növünün Azərbaycanda inkişaf etdirilməsi üçün Azərbaycan Reqbi Federasiyası əlindəki maliyyə dəstəyinin az olmasına baxmayaraq, böyük işlər görməyə cəhd edir. Federasiyanın bu mənada son olaraq həyata keçirdiyi layihə "Enermech Rugby-5" adlanır.

Bu layihə barədə ümumi məlumat almaq, Azərbaycanda reqbi və onun inkişaf perspektivlərini dəyərləndirmək məqsədilə Azərbaycan Reqbi Federasiyası İnkişaf Şöbəsinin layihələr üzrə meneceri Eldar Kərimovun fikirlərini öyrəndik. O, DSport.Az-a müsahibəsində maraqlı fikirlər səsləndirdi:

- Azərbaycan Reqbi Federasiyası 2004-cü ildən bəri fəaliyyət göstərir. Bu 10 illik period ərzində nələr dəyişib? Hansı işlər görülüb?

- Ümumiyyətlə, reqbi ötən əsrin əvvəllərindən sovet məkanında peyda olub. O vaxtlar Bakının "Spartak" və "Dinamo" komandaları fəaliyyət göstərirdilər. Adını çəkdiyim komandalar SSRİ çempionatlarında iştirak edirdilər. Müstəqillik dövründə isə 2003-cü ildə Federasiyamız rəsmi qeydiyyatdan keçib, 2004-cü ildə Beynəlxalq Reqbi İttifaqına qəbul olunub. Bu 10 il ərzində çox işlər görülə bilərdi, lakin maddi dəstəyin olmaması proseslərin icrasını çətinləşdirdi. Buna baxmayaraq, müxtəlif vaxtlarda ölkədə bir neçə reqbi klubu fəaliyyət göstərib. Sumqayıt, Cəlilabad komandaları ilə yanaşı, Bakıda "Bakı" reqbi klubu ve "Neftçi İSM"-in komandaları da yaradılmışdı. Lakin dediyim kimi, kənardan maddi köməyin olmaması bu klubların saxlanılmasını mümkünsüz etdi. Azərbaycan yığma komandası isə Avropa Millətlər Kubokunda davamlı olaraq iştirak edir. Məşq üçün şəraitin olmaması da millinin gostərdiyi nəticələrdə öz əksini tapır. Oyunçular sırf reqbiye olan sevgi və ölkəmizi layiqincə təmsil etmek həvəsi ilə yarışlara qatılırlar, səviyyəcə daha üstün olan komandalarla başa-baş mübarizə aparırlar. Hətta bir neçə oyunda milli komandamız qələbə də qazanıb. 2012-ci ildə Latviyada keçirilən Avropa seçmə oyunlarında Lixtenşteyn və İslandiya yığmalarını böyük hesabla darmadağın etmişik. Halbuki, həmin ölkələrdə reqbiyə peşəkar səviyyədə yanaşırlar. Eyni zamanda, yeniyetmə reqbiçilərimiz ölkəmizdə təşkil olunan beynəlxalq turnirlərdə, o cümlədən Gürcüstanda keçirilən ənənəvi yay turnirlərində qüvvələrini sınayırlar və yüksək pillələri tuturlar.

- Reqbi 2016-cı ildə Rioda keçiriləcək Olimpiadanın təqviminə salınıb. Dünyada kifayət qədər populyar olan bu idman növü bununla daha da məşhurluq qazanacaq. Bu mənada Azərbaycan Olimpiya Komitəsi və dövlət qurumlarının ölkədə reqbinin olimpiya idman növünə çevrilməsi ilə bağlı sizə hər hansısa dəstəyi olubmu? Ümumiyyətlə reqbiyə dövlət dəstəyi varmı?

- Təəssüflər olsun ki, dövlət tərəfindən reqbiyə qayğı yoxdu. Düzdü, Bakıda təşkil etdiyimiz kiçik beynəlxalq turnirlərin təşkilində Bakı şəhər Baş Gənclər İdman idarəsi bizə müəyyən qədər köməklik göstərir, lakin əgər söhbət ümumiyyətlə bir olimpiya idman növünün inkişafından gedirsə, bu artıq yuxarıda qeyd etdiyim təşkilatdan yox, daha yüksək səviyyəli qurumlardan asılıdı. Turnirlərin təşkili, gənc oyunçularımızın Gürcüstandakı təlim-məşq toplanışları və turnirlərdəki iştirakının təmin olunması kimi işlər demək olar ki, hamısı müraciət etdiyimiz şirkətlərin və iş adamlarının maddi vəsaitləri hesabına həyata keçirilir. Onlar uşaqlarda reqbiyə olan həvəsi və ötən yarışlarda göstərdikləri nəticələri görüb təmənnasız olaraq müəyyən məbləğ ayırırlar ki, komanda yarışlarda iştirak edə bilsin. Reqbinin rəsmən olimpiya idman növü elan olunmasından sonra ümid edirik ki, Milli Olimpiya Komitəsi və İdman Nazirliyi bizim idman növünə diqqətini artıracaq. Reqbi xasiyyətcə azərbaycanlılara yaxın olan idman növüdür. Bu oyunda döyüşkən ruh, fiziki güc və buna bənzər digər xüsusiyyətlər tələb olunur ki, bizim gənclərdə və kişilərdə bu xüsusiyyətlər yetərincədi. Qonşumuz olan Gürcüstanla müqayisə aparmaq istəyərdim. Bizim gürcülərlə oxşar cəhətlərimiz çoxdu. Eyni regionda yaşayırıq, adət-ənənələrimiz, mentalitetimiz, vətənə olan sevgi demək olar ki, eynidi. Gürcüstanda reqbi 1 nömrəli idman növüdü. Onların yığma komandası Avropada reytinq üzrə 6-cı yerdədi. Dünyada isə ilk 15-likdə yer alırlar. Niyə biz elə nəticələr qazanmayaq? Klublar arasında keçirilən beynəlxalq turnirlərdə gənc oyunçularımız gürcülərlə sona qədər eyni səviyyədə mübarizə aparırlar, hətta tez-tez qalib gəldiyimiz oyunlar da olur. Gürcüstan Reqbi Federasiyasının rəhbərliyi oyunçularımıza heyran qalır. Onlar bildirirlər ki, uşaqlarınız həftədə 1-2 dəfə məşq etmələrinə baxmayaraq, bu cür oynayırlarsa, reqbi bazası tikilsə və həftədə 3-4 dəfə məşqlər keçirilsə, nəticələr necə olar. Əlavə edim ki, reqbini inkişaf etdirmək üçün böyük məbləğdə pul lazım deyil. Reqbi xərc baxımından çox ucuz, perspektiv baxımından isə çox dəyərli idman növüdü. Ümid edirəm ki, yaxın zamanlarda bu problemlər öz həllini tapacaq.

- Gürcüstan demişkən, qonşu ölkə bu idman növündə kifayət qədər uğurlu nəticələr qazanıb. Dekabrın 1-nə olan son reytinq cədvəlində gürcülər 15-ci pillədə qərarlaşıblar. Əgər kifayət qədər maliyyə dəstəyi olsa, ən azından Gürcüstan təcrübəsini burda tətbiq etmək planınız varmı? Ümumiyyətlə bu yöndə işlər aparılıbmı?

- Gürcüstan və Azərbaycan reqbisini birləşdirən amillərə nəzər saldıqda, ilk öncə bir neçə il bundan əvvəl Azərbaycan yığma komandasını çalışdıran Gürcüstan reqbisinin əfsanəsi, rəhmətlik Quram Modebadze yada düşür. Gürcüstanda reqbinin inkişafında onun rolu danılmaz idi. Bir çox ölkədən iş təklifləri olsa da, cənab Modebadze məhz Azərbaycanı seçmişdi. Burda potensialın yüksək olduğunu qeyd edən mütəxəssis ömrünün bir neçə ilini yığma komandamıza həsr etdi. Daha bir təcrübəli məşqçi Malxaz Çeişvili də millimizə rəhbərlik edib. Gürcüstanın reqbi ictimaiyyəti ilə sıx əlaqədəyik. Dediyim kimi, yoldaşlıq görüşlərini, təlim-məşq toplanışlarını və turnirləri əsasən bu ölkənin komandaları ilə təşkil edirik. Gürcüstan Reqbi Federasiyası hər zaman müraciətlərimizi məmnuniyyətlə qəbul edib və bizə istənilən şəkildə köməklik göstərib. Yeri gəlmişkən, yaxın zamanlarda bir qrup gənc azərbaycanlı məşqçilərin hazırlıq kurslarının da Gürcüstan Reqbi Federasiyası tərəfindən təşkil olunacağı gözlənilir. Eləcə də uşaq reqbisinin inkişafı istiqamətində həyata keçirdiyimiz layihə də Gürcüstan təcrübəsindən irəli gəlir.

- Hazırda "Enermech Rugby-5" layihəsi həyata keçirilir. Bildiyim qədərilə, tez-tez uşaq evlərinə, məktəblərə gedirsiz və ordakı uşaqları reqbi barədə məlumatlandırırsınız. Son olaraq da bir neçə gün öncə 134-132 təhsil kompleksində layihənin təqdimatı keçirildi. Bu layihə ilə bağlı fikirlərinizi öyrənmək istəyərdim. Ümumiyyətlə uşaqlar arasında maraq varmı? Onlar artıq məşqlərə başlayıblar?

- Hər bir şeyin başlanğıcı uşaqlardı. Əgər bu gün bizim məqsədimiz reqbini Azərbaycanda ən sevilən, populyar və hətta milli idman növləri sırasına qatmaqdısa, ilk növbədə bu idman növünün bünövrəsini gücləndirməliyik. Bünövrə uşaqlardı. Məhz bu səbəbdən Azərbaycan Reqbi Federasiyası uzun müddətdir ki, "Rugby-5" layihəsini hazırlayıb. Lakin maliyyə problemi bu layihənin reallaşdırılmasına mane olurdu. Bir neçə ildir ki, Federasiyamızın qocaman məşqçisi Vaqif Sadatxan digər reqbi komandalarının yaradılması və məşq prosesinin aparılması ilə yanaşı, bir neçə uşaq evində də reqbi üzrə məşqlər keçirir və kimsəsiz uşaqların idmana marağını artırır. Bunun nəticəsi kimi bu gün böyüklər arasında yığma komandamızın heyətində həmin uşaq evlərinin bir neçə yetirməsi yer alır. Cari ilin noyabr ayından etibarən isə biz nəhayət ki, layihəmiz üçün baş sponsor tapdıq. Bu, enerji sahəsində Azərbaycan və Azərbaycandan kənarda bir çox digər ölkədə fəaliyyət göstərən Şotlandiyanın "Enermech" şirkətidi. Qısaca layihə haqda məlumat verim. Bu layihə reqbinin yeni olimpiya idman növü kimi Azərbaycanda populyarlaşdırılmasına yönəlib. İdeya sadədi. Bakı şəhərində bir neçə orta məktəbdə 5-8 sinif şagirdlərindən ibarət "Reqbi-5" üzrə komandalar təşkil olunur. Həmin uşaqlar toplarla və digər məşq üçün zəruri ləvazimatlarla təmin olunurlar və Federasiyamızın peşəkar məşqçiləri tərəfindən onlara məşqlər keçirilir. Məlumat üçün bildirim ki "Reqbi-5" reqbinin uşaqlara aid olan növüdü. Bu oyunda oyunçuların sağlamlığına zərər yetirməmək üçün qaydalara əsasən komanda üzvləri arasında heç bir kontakt olmur. Topla irəliləyən rəqib oyunçunu saxlamaq üçün uşaqların belinə bağlanmış xüsusi lentləri dartıb qoparması kifayətdi. "Reqbi-5" oyunu gənc oyunçularda fiziki dözümlülük, cəldlik və tez qərar qəbul etmək kimi bacarıqları inkişaf etdirir ki, həmin xüsusiyətləri uşaqlar gələcəkdə istənilən digər idman növlərində də istifadə edə bilərlər. 2015-ci ilin aprel-may aylarında isə həmin məktəb komandaları arasında ilk Bakı çempionatı keçiriləcək. Həmin layihənin davamlı olaraq həyata keçirilməsi planlaşdırılır. İlk çempionatdan sonra məktəblərin sayı Bakı və regionlar üzrə artırılacaq və həmin çempionatların "Reqbi-5" üzrə məktəb komandaları arasında Azərbaycan çempionatları çərçivəsində keçirilməsi planlaşdırılır. Bunun nəticəsi kimi biz məktəbliləri reqbiyə cəlb etmiş olacağıq, reqbinin getdikcə populyarlaşdırılması təmin olunacaq və eyni zamanda "Reqbi-5" oyununda iştirak edən uşaqlar əsasında "Reqbi-7" və "Reqbi-15" üzrə gənclərdən ibarət Azərbaycan milli komandaları üçün oyunçu bazası yaranacaq. Oyunçulardan heç bir halda pul alınmır. Bütün xərcləri "Enermech" şirkəti öz üzərinə götürüb. Dediyiniz kimi uşaq evlərilə yanaşı, 134-132 saylı təhsil kompleksi bizim layihəyə qoşulan ilk orta tehsil ocağı oldu. Həmin məktəbdə "Reqbi-5" uzre prezentasiya keçirildi. Uşaqlar və müəllimlərlə görüşdü. Nəticədə yalnız 7 və 8-ci siniflərdən məşqlərə qatılan uşaqların sayı 36 nəfərdi. Yaxın zamanlardaa 5 ve 6-cı sinif şagirdləri də məşqlər də iştirak edəcəklər. Beləliklə, uşaqların reqbiye olan həvəsi və bu layihənin ilkin mərhələsinin nəticələri gözlədiyimizdən də qat-qat uğurlu oldu və bu hal bizi daha da həvəsləndirir. Bu, bizim doğru yolda olduğumuzu göstərir.

- Azərbaycandan nə vaxtsa Riçi Makkoy, Den Karter, Brayan O’Driskoll kimi reqbi oyunçuları çıxa bilərmi? Yəqin ki, siz uşaqların məşqlərində iştirak edirsiniz. Belə potensialı olan uşaqlar varmı?

- Bəli, mən layihənin koordinatoru olmaqla yanaşı, uşaq və yeniyetmə komandalarının məşqlərində Vaqif müəllimlə birlikdə iştirak edirəm. Yüksək səviyyəli reqbiçi olmaq üçün bizim uşaqlarda bütün lazım olan xüsusiyyətlər var. Təxminən il yarım bundan əvvəl dünya reqbisinin elitası sayılan Yeni Zellandiya yığma komandasının canlı əfsanəsi Daq Haulett Azərbaycana gəlmişd. O, komandamızın məşqində də iştirak etdi. Haulettin komandanın məşqini 10-15 dəqiqə izləməsi planlaşdırılmışdı. Ancaq o, məşqə axıra qədər baxdı və reqbi üzrə dünyada tanınmayan Azərbaycanda bu cür perspektivli oyunçuların olması onu çox təəccübləndirmişdi. Daq Haulettin dediklərinə görə, idmançılarımız yüksək səviyyədə məşqlərini davam etdirsələr, yaxın illərdə reqbi dünyası Azərbaycanın simasında böyük bir sürprizlə qarşılaşacaq. Onun bu sözlərindən sonra, idmançılarımız daha da həvəsləniblər.

- Son olaraq məşqlərin harada keçirilməsi barədə soruşmaq istərdim. Sizin üçün hansısa baza və yaxud da stadion ayrılıbmı?

- Azərbaycanda sırf reqbi bazası yoxdu. Məhz bu səbəbdən reqbi 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarının proqramına salınsa da, sonradan çıxarıldı. Beynəlxalq oyunlarımızı Lökbatan Milli Olimpiya Kompleksinin futbol meydançasında və ADBTİA-nın futbol meydançalarında keçiririk. Məşqlər isə şənbə və bazar günləri "Şəfa" stadionunun məşq meydançasında keçirilir. "İnter Peşəkar İdman Klubu"nun rəhbəri cənab Georgi Nikolov tam təmənnasız həftədə iki dəfə məşqlər üçün meydançanı bizim üçün ayırır. Fürsətdən istifadə edib Federasiyamız və komandamız adından ona dərin təşəkkürümüzü bildiririk. Həqiqətən də reqbinin bu gün müəyyən bir səviyyəyə çatmasında "İnter PİK"-in rolu böyükdü. Lakin bir daha qeyd etmək istərdim, bu idman növünün əsaslı inkişafı üçün reqbiçilərə ayrıca meydança lazımdı ki, həftədə ən azı 3-4 dəfə məşqlərə keçirilə bilsin və oyunçular üçün münasib məşq vaxtı seçimək mümkün olsun. Çünki oyunçuların əksəriyyəti hərbi xidmətlərini yenicə başa vurmuş gənclərdi. Onlar yenicə əmək fəaliyyətlərinə başlayıblar. Bu səbəbdən məşqlə iş vaxtının üst-üstə düşməsinə görə məşqlərə qatılmaqda çətinlik çəkirlər. Sonda isə yaşından asılı olmayaraq reqbi ilə məşğul olmaq istəyən bütün insanları məşqlərimizə dəvət edirik. Şənbə günləri saat 19:00-da, bazar günləri isə saat 16:00-da "Şəfa" stadionunun məşq meydançasında sizi gözləyirik. Ətraflı məlumatı rəsmi saytımız ( www.rugby.az ) vasitəsilə də əldə edə bilərsiniz.

Rüfət Məcidzadə