Digər növlər

Halil Mutlu: “Azərbaycanda yaxşı ağır atletin yetişməməsi üçün heç bir səbəb yoxdur”

AAAF Park Yaşayış Kompleksinin Konfrans zalında 3 qat Olimpiya, 5 qat dünya, 9 qat Avropa çempionu, onlarla dünya rekordunun sahibi, tanınmış idmançı, türkiyəli sabiq ağır atlet Halil Mutlunun mətbuat konfransı keçirilib.


Dsport.az xəbər verir ki, qonaq çoxsaylı media nümayəndələrinin iştirak etdiyi mərasimdə sualları cavablandırıb, Bakıya gəlmə səbəbi, ölkəmizdə, həmçinn türkiyədə aparılan işlər barədə məlumat verib.


Öncə “Zirvə” Beynəlxalq İdman Klublarının mətbuat katibi Kənan Məstəliyev jurnalistləri salamlayıb. O, qeyd edib ki, Halil Mutlu klubun Türkiyə nümayəndəliyinin rəhbəridir. Qonaq Bakıya yanvar ayının 14-də “JW Marriott Absheron” otelinin “Şərq” zalında “AAAF Holdinq” şirkətinin beynəlxalq brendi – “Zirvə” Beynəlxalq İdman Klublarının ənənəvi “Zirve Awards” mükafatının təqdimat mərasimində iştirak üçün gəlib. Sonra söz Mutluya verilib.


– Mən artıq 5 ildir ki, “Zirvə” Beynəlxalq İdman Klubunun bir fərdi, üzvü sayılıram. Yanvarın 14-də keçirilən tədbirdə böyük məmnuniyyətlə iştirak etdim. Orada gənc dostlarımızı mükafatlandırdıq, onlara gələcək uğurlar arzuladıq. Hələ səhnəyə çıxmamışdan əvvəl düşünürdüm ki, söz versələr, deyəcəm ki, “hazırda onların yaşadığı həyəcanı biz uzun illər öncə yaşamışıq”. Yəni bu həyəcan bizim həyəcanımızın davamıdır.  Gənclərin əzm və uğurunu gözlərində görüncə, biz də xoşbəxt oluruq. Buraya da bu xoşbəxtliyi paylaşmağa gəlmişik. Bu imkanları gənclərimizə yaradan, tədbiri təşkil edən hər kəsə gənclərimiz adından təşəkkür etmək üçün burda idim. Üç gündür Bakıdayam. Həm gənc nəsil idmançıları görməyə, bir az da tətilə çıxmağa, istirahət etməyə gəlmişəm. Sağ olsunlar dostlarımız, bizi yaxşı qarşıladılar, yaxşı da qonaqlayırlar. Burda hər şey ürəyimcədir, inşallah, sabah xoş təəssüratlarla da evimizə qayıdacağam.


– Əvvəla, xoş gəlmisiniz. Sizin kimi böyük idmançını görmək, onun konfransında iştirak etmək çox xoşdur. Üç qat Olimpiya çempionusunuz. Ancaq Azərbaycanın hələ də ağır atletika üzrə bir Olimpiya çempionu yoxdur. İstərdik ki, məsləhət verəsiniz: biz həm ölkə olaraq, həm də faktiki yenidən qurulmuş, hər şeyi yenidən başlamış, yeniyetmə və gənclərə güvənən yerli federasiya olaraq nələri etməli, hansı addımları atmalıyıq?
– Olimpiya çempionu yetişdirmək üçün ilk öncə yaxşı gənc nəsil olmalıdır. Bu gənc nəsil bizdə – Türkiyədə də, Azərbaycanda da var. Ancaq ən əsası bu gənclərə yaxşı imkanlar, şərait yaradılmalıdır. İdmançını yedirdə, geyindirə, təhsilləndirə və çalışdıra bilsək – ki, bu da imkan məsələsidir – geriyə onlara yalnız vaxt vermək qalacaq. Mənim məhz “Zirvə”nin içərisində olmağımın səbəbi məhz gənc nəslə verilən dəyəri əyani görməyimdir. Burada təhsil, idman zalı və müvafiq şərait hamısı bir yerdə, iç-içədir. Mən Bolqarıstanda anadan olmuş, 16 yaşına kimi orada yaşamışam. Ancaq bir türk olaraq dünyaya gəlmişəm. Azərbaycanlıları da türkiyəlilərdən heç vaxt ayırmıram, ayırmamışam. İndi sizdə uşaqlara yaradılan şəraitə baxıb, “kaş ki bizdə də olsa” deyirəm. Bizdə ancaq bəlli bir yaşa çatandan, milli komandaya üzv olandan sonra dövlətin imkanlarından yararlana bilirik. Ancaq əsas olan başlanğıc nöqtəsidir. Bunu məhz o nöqtədə yaxşı etsək, təhsili, imkanı o vaxtda verə bilsək, zamanla onun bəhrəsini ala bilərik. Ağır atletika, digər idman növlərində də olduğu kimi uğura qədər çətin, məşəqqətli yol keçilməsini tələb edir. Uşaqlara imkan yaratmalı, sonra onlara vaxt verməliyik. Uğuru ilk yaşlarda gözləməli, tələb etməli deyilik. Uğur nə qədər gec qazanılsa, bir o qədər qalıcı və uzunmüddətlidir. Mən ilk çempionluğumu 21 yaşımda və özü də gənclər arasında son ilimdə qazanmış, dünya çempionu olmuşam. Həmin vaxt həmkarlarım arasında daha uğurlu, məndən daha öndə olanları var idi. Onlar uğura daha tez nail oldular, amma tez də sönüb getdilər. Köçkünlük səbəbindən biraz idmana ara vermək məcburiyyətimdən də dolayı uğuru gec qazandım. Amma uğur gələndən sonra növbəti 10-15 il ərzində çıxdığım bütün yarışlardan qələbə qazanaraq döndüm. Bu, bir nümunədir. Tez yox, təməli möhkəm uğur qazanmaq lazımdır. Əsas məsləhət, əsas yol, əsas fikir də budur. Vaxta, zamana həmişə önəm vermişəm, puldan daha önəmli saymışam. Təbii ki, şərait olmasa, bunlara da nail olmaq olmaz. Amma yeni deyirəm ki, pul hər şey deyil. Hazırda Azərbaycanda bu işin altyapısının yaxşı, uğura yönəlik olduğunu düşünürəm. Ancaq yenə də deyirəm, tələsmək olmaz. Bu gün başlayıb, sabah “çox tezliklə mütləq Olimpiya çempionu yetişdirək” deyib tələssək, bilin ki, o yolda səhvlər, yanlışlıqlar edər, uşaqlarımızı da bu səhvlərə sürükləyərik. Vaxt keçdikcə, bu sistem belə davam etdikcə, uğur ələcək. Səbrli olmaq lazımdır.


Mütləq onu da qeyd etmək lazımdır ki, bu şəraitə görə Azərbaycan Prezidenti cənab İlham Əliyev, həmçinin məhz ağır atletikada onun siyasətini, işini davam etdirən Tofiq Heydərova təşəkkür etməliyik. Bunları görməzdən gələ bilmərik. Hərəmiz bir ölkədə, bir sistemdə yetişmişik. Bolqarıstandakı sistemin buradakından o qədər də fərqi yox idi. Hamımız idman məktəbində yetişdirildik, sonra dövlətdən başqa özəl qurumlar da bu işə yardım etməyə başladı. Buradakı kimi. Bunu da siz uğurla həyata keçirə bilirsiniz. Bir daha təkrar edim: uşaqlara vaxt vermək lazımdır, şərait də uyğun olmalıdır. Hazırda Azərbaycanda yaxşı ağır atletin yetişməməsi üçün heç bir səbəb yoxdur.


– İdmançı yetişdirilməsi haqda danışdınız. Bu işdə öncül şəxslər məşqçilər, baş məşqçilərdir. Azərbaycandan sizə belə təklif gələrsə, qəbul edərsinizmi?
– Dostlar, mən Türkiyədə Ağır Atletika Federasiyasının prezidentliyinə namizəd olmuşam və həmin seçkidə məğlub olmuşam. Rəhmətlik Naim Süleymanoğlu ilə mən birgə rəhbərlik kimi – mən prezident olacaqdım, o vitse-prezident – namizədliyimizi irəli sürmüşdük. Amma seçkidə məğlub olduq. İndi prezidentliyə namizəd olmuş birinin məşqçilik etməsi düz deyil. Təbii ki, Tofiq Heydərovla bəzi söhbətlərimiz, layihələr ətrafında müzakirələrimiz olub. Bu arada, burada mənə bir ev də bağışlayıb, məni burda saxlamaq üçün əlindən gələni edir (gülür). Ancaq federasiya prezidenti namizədliyindən məşqçiliyə keçid alınmaz. Məsələ təkcə vəzifədə də deyil. Məşqçilik mənim üçün məşğul ola biləcəyim ən çətin işdir. İdmançı olmaq asandır. Məşqçi idmançıdan daha səbrli olmalı, zala idmançıdan əvvəl gəlməli, ondan sonra getməlidir. İdmançı yalnız özünə məsuliyyət daşıyır, məşqçi isə hər kəsə məsuldur. Dünyada siyasətdən tutmuş hər işə qədər hamısı ilə məşğul ola bilərəm, amma məşqçiliklə yox. Çünki səbrsiz bir adamam. Halbuki idmançılara, xüsusilə də gənclərə səbrlə davranmaq, vaxt vermək lazımdır. Amma “Zirvə” BİK-in olduğu hər işdə varam. İstər Türkiyədə, istərsə də burada ehtiyac olduqca, fikirlərim, tövsiyələrim, idarəçilik qabiliyyətimlə nələrsə etməyə çalışıram. Ancaq məşqçilikdən başqa. Bu gün Azərbaycana məhz məşqçilik etməyə gəlsəm, Olimpiya çempionu yetişdirməyə yox, pul qazanmağa gəlmiş olaram. Onu da etmərəm.


– Qeyd etdik ki, bu gün Azərbaycan ağır atletikasında əsas üstünlük gənclərə verilir. Siz gənc yaşından uğur qazanmış, ancaq sona qədər zirvədən enməyərək davam edə bilmiş, ardıcıl çempionluqlar qazanmağı bacarmısınız. Bizim gənclər sizin kimi olmaq üçün nə etməlidirlər, biz nə etməliyik ki, onlar bir dəfə yox, davamlı uğur qazana bilsinlər?
– Mən idmandan gedən gün yalnız neçə dəfə Olimpiya çempionu olduğumu bilridim. Qalanlarından xəbərim yox idi: neçə dəfə dünya, neçə dəfə Avropa çempionu olmuşam, nə qədər medal əldə etmişəm, neçə rekord qırmışam və s. bilmirdim. Çünki heç vaxt keçmişimlə yaşamamışam. Mən heç vaxt geriyə, keçmişə baxmamışam, uduzanda da bundan nəticə çıxarmışam, qələbə qazananda. İdmançılar rəqəmlərlə yox, işlərlə məşğul olsunlar. Digər tərəfdən də günahı tək uşaqlarda yox, rəhbərlərdə də görə bilərik. Bir dənə çempion yetişəndə hamımız onun yanına doluşmalı, yalnız ona sahib çıxmalı deyilik. Çünki yalnız ona köklənəndə, digər 9-10 idmançını özünüzdən uzaqlaşdırmış olursunuz. Mənə nə vaxt bu cür yaxınlaşmağa çalışırdılarsa, mən onlardan, rəhbərlərdən qaçır, idmançı yoldaşlarımın yanına gedirdim. İdmançılar da etdiklərinə yox, edə biləcəklərinə köklənməlidirlər.


– Son illərdə dünya ağır atletikasında çoxlu rekordlar qırılır, illərlə qalan nəticələr tez-tez yenilənir. Bunu nə ilə izah etmək olar: idmançılar çox güclüdürlər, ya nəsə başqa səbəblər var?
– Səbəblər məlumdur, amma bunun nə qədər yanlış və ya doğru olduğunu bilmirəm. Mənim də rekordlarım yenilənir. Düzdü, çəki dərəcələri dəyişir, ona görə də çox rekordlar qalır, dəyişilmir. Yəqin ki, sualınızı əsas fikri dopinqdir. 2005-ci ildə dopinq cəzası almış biri kimi sizə deyim: hər şeyi dopinqlə əlaqələndirmək doğru deyildir. Bəzi ölkələr işi doğrudan da düzgün aparır, düzgün olanı düzgün aparır. Bəziləri isə yanlış olanı çox düzgün aparır. Məsələn, mənim məsələmdə hər şey yanlış idi. Məndə çıxan maddəni həyatım boyu heç vaxt istifadə etməmişdim. Amma dərdini heç kimə danışa bilməzsən. Çünki dopinq oğurluq deməkdir. Oğurlamadın, ancaq cibindən həmin şey çıxıb… Necə izah edəcəksən? Nə deyəcəksən? Ona görə də dopinq çox qarışıq, qarmaqarışıq bir şeydir. Hamımız səhv edirik. Amma mənim məsələm çıxanda öz ölkəmdə heç kim mənə sahib çıxmadı. Az öncə demişdim: uğur qazananda yanında adam çox olar. Ancaq problemim çıxanda yanımda heç kim olmadı. Səhv etməmişdim, amma müəyyən səbəblərdən elə alındırılmışdı ki, mən səhv etmişəm. İdmançılar da eyni duruma düşməməli, düşsələr belə doğru davranmalıdırlar. Səhv edə bilərsən, ancaq önəmli olanı o səhvləri təkrarlamamaqdır. Dopinq çox həssas məsələdir. Biz, Türkiyə olaraq da hazırda bu məsələdə problemlər yaşayırıq. Bu işin qarşısını almaqda çətinlik çəkirik. Ancaq bəzi ölkələrin illərlə olan performansı eynilə davam edir. Bəlkə də onlar işləri düzgün, gərəkdiyi kimi, dopinqsiz aparırlar. Bilmirəm. Əsas məsələ bizim də onlar kimi doğru nədirsə onu tapmaq, ona uyğun davranmağımızdır. Onların idmançılarında da iki qol var, bizimkilərdə də. İnşallah, sizin soruşduğunuz, mənim anladığım kimi deyil hər şey. İşlər düz, təmiz aparılırsa, rekordlar yenilənirsə, buna ancaq sevinə bilərik. Rekord qırılmaq üçündür. Bu proses davam etdikcə gəncliyimizin necə gücləndiyini görür, sevinirik. “Onlar” işi düz aparır, yəqin biz səhv aparırıq. Vaxt gələr səhvimizi görər, tapar, düzəldər, uğurlarımıza yenə davam edərik.


– Halil bəy, Bakıya ilk gəlişinizdirmi?
– Yox, deyil. Hamımızın yaxşı tanıdığı bir Faiq abimiz (tanınmış voleybol adamımız Faiq Qarayevi nəzərdə tutur – red.) var. Onun xətrini çox istəyirəm. 15 il əvvəl o və qardaşının dəvətiylə Bakıya gəlmişdim.


– O vaxtdan bu günə şəhərdə nə dəyişikliklər olub?
– Çox olub, xüsusilə də şəhər mərkəzində. Necə deyərlər, bizim könlümüz zəngindir, amma sizin bütün zənginliyiniz göz önündədir (gülür). İdman baxımından danışsaq, o vaxt həm biz, həm də siz uğur qazanırdınız. Təbii ki, uğur olanda yaxınlaşma, qaynaşma daha asan olur. Ağır atlet dostlarımızla da çox yaxın, iç-içə idik. Bir şey deyim. Mən köçkün biriyəm, bu işə həssasam. O vaxtlar Azərbaycan bizim üçün yad bir yer idi. Buraları tanımırdıq, bilmirdik. Elə bilirdik, burda hər şey tamam fərqlidir. Gələndə dedim bəlkə burada məni tanımazlar, rahat gəzərəm, ona da imkan vermədilər (gülür). Azərbaycanı sevirik. Bakı da çox dəyişib o vaxtdan. Düzdür, mənə adətən şəhərin əsasən mərkəzin göstərirlər. Ancaq mən özüm də maşınla şəhərin böyük hissəsini, bəlkə də yarısını gəzib-görə bilmişəm. Adi bir şey: 3 il əvvəl burda idim. Soruşsanız ki, o vaxtdan bu günə nə dəyişib, “yollarınız çox yaxşı olub” deyərəm. İdman baxımından məşq zallarında daha çox idmançı görürəm. Bu, məni sevindirir. İllərlə daha yaxşı yollar, daha çox idmançınız yetişib. Amma Bakı üçün bu yetərli deyil, daha yaxşısı olmalıdır. Bakıya daha gözəli yaraşır. Mərkəzdəki gözəlliklərin ətrafa yayılmasını da istəyərəm. Biz bir millət, iki dövlətik. Bu, bizim sözdə yox, özdə də belədir. Siz sevinəndə biz də sevinir, siz üzüləndə, biz də üzülürük.


– Sizin kimi idmançının burada, xüsusilə də AAAF Parkda olması bizi sevindirir. Buranın sakinisiz. Bu park ən kiçik yaşdan bir Olimpiya çempionu yetişdirmək üçün ən ideal məkan sayılır, çünki hər şey buna hesablanıb, buna görə qurulub. Sakini olduğunuz məkan barədə bir neçə cümlənizi eşitmək istərdik…
– Qısa bir şey deyim. Bura dəvət edəndə, soruşdular ki, harda qalmaq istəyirsən? Çox gözəl, elə tədbirimizin keçirildiyi bir otel var. Əla yerdir, hamı da orada qalmaq istəyər. Hətta harda qalmaq istəyirsən yox, məhz “həmin oteli seçmişik, orada qalacaqsan” dedilər. Mən etiraz etdim. AAAF Parkda qalmaq istəyirəm dedim. Çünki bura bizim üçün qiymətlidir. Məsələ onda deyil ki, mənim burada evim var. Məsələ ondadır ki, burda həyat qaynayır. Burada idman, gənclik, əyləncə, hüzur var. Hamısı bir yerdədir. Məhz hüzur, rahatlıq olan yerə yönümlü, bunu sevən biriyəm.


– Siz “Zirvə” BİK-in Türkiyə nümayəndəliyinin rəhbərisiniz. Mərkəz olan “Ankara-Zirvə” klubunda ağır atletika ilə yanaşı, digər idman növləri də inkişaf etdirilir. Ümumiyyətlə, oradakı aparılan işlər barədə məlumat verə bilərsinizmi?
– Bir neçə il öncə, “Zirvə”nin bir yarışı keçirildi Ankarada. Tofiq bəy mənə bir təklif etdi, oradakı işləri aparmaqda yardımçı olmağımı istədi. Məmnuniyyətlə qəbul etdim. Hələ o zaman orada cüdo və basketbol komandası vardı. Keçən zamanda bu növlər Tofiq Heydərovun dəstəyi ilə xeyli möhkəmlənib gücləndi, daha da inkişaf etdirilib ölkə səviyyəsinə qaldırıldı, gimnastika və digər növlər də əlavə edildi. Ankarada işimizə həyəcanla davam edirik. Məsələnin əsas tərəfi odur ki, bizdə xüsusilə də Olimpiya idman növlərində fərdi iş adamları idmana belə yanaşmır, kömək etmirlər. Hər şeyi dövlət edir. Ancaq burada vəziyyət fərqlidir. Hazırda klub olaraq biz də “Zirvə”nin bu özəl imkanlarından ölkə olaraq faydalanmaq istəyirik. Burada, bu klubda oturuşmuş olan bir sistem var, biz də ölkəmizdə buradakı kimi olmasa da, buna yaxın bir sistemi oturtmaq istəyərik. Türkiyəli idmançılar olaraq Tofiq Heydərov və onun rəhbərlik etdiyi “Zirvə” klubundan çox məmnunuq. Dünyaya örnək olan bir sistem var, onu ölkəmizə aparmaq, orada tətbiq etmək istəyərik. İnşallah, buna nail olacağıq.