Digər növlər

Rafael Ağayevdən dünya çempionatlarında 8-ci medal

Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun karateçisi Rafael Ağayev növbəti mükafatını qazanıb.

Dsport.az xəbər verir ki, təmsilçimiz İspaniyanın paytaxtı Madriddə keçirilən 24-cü dünya çempionatında fəxri kürsüyə qalxıb. 

75 kq çəki dərəcəsində çıxış edən idmançımız Allan Maldonadonu (Qvatemala) 4:1, Xulio İçikini (Argentina) 2:1, Qabor Harspatakini (Macrıstan) 1:0, Matias Rodrigesi (Çili) 6:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Bu raundda Ağayev italiyalı Luici Busaya (İtaliya) uduzub - 1:2.

Bu gün baş tutan bürünc medal uğrunda qarşılaşmada  Ağayevin rəqibi Dastonbek Otabolayev (Özbəkistan) olub. 2:1 hesabı ilə qalib gələn karateçimiz dünya çempionatının bürünc medalına yiyələnib.

Bununla da Ağayev mundiallarda ilk bürünc, ümumilikdə 8-ci medalını əldə edib. 5 qat dünya çempionu olan karateçimiz 2 dəfə gümüş qazanıb. Onun hesabında həmçinin Avropa çempionatlarının 11 qızıl medalı var.

Xatırladaq ki, Olimpiya Oyunlarının proqramına daxil edildikdən sonra keçirilən ilk dünya çempionatına rekord sayda - 140 ölkədən 1147 idmançı qatılıb.