Digər növlər

Məlum oldu: Ermənistana Məmmədov və Kazımov səs verib

2016-cı ildə Polşanın Torun şəhərində konqres keçirilmiş, həmin konqresdə 2018-ci ildə 23 yaşına qədər idmançılar arasında qılıncoynatma üzrə Avropa çempionatının harda keçiriləcəyi məlum olmuşdu.

Dsport.az xəbər verir ki, artıq Yerevanda 23 yaşına qədər idmançılar arasında qılıncoynatma üzrə Avropa çempionatı başlayıb. Azərbaycan millisi bu yarışda iştirak etmir. Lakin maraqlı bir nüans məlum olub. Qılıncoynatma üzrə Ermənistan milli komandasının baş məşqçisi Alik Navasardyanın sözlərinə görə, çempionatın harda keçiriləcəyi müəyyən olunarkən Azərbaycan öz səsini yarışın keçirilməsinə daha bir namizəd olan İsrailə deyil, Ermənistana verib.

Navasardyan “Ermənistan xəbərləri” portalına bunları deyib:

“Biz bu imkanı çətinliklə qazanmışıq. 44 ölkədən 34-ü Ermənistanı dəstəklədi, digərləri İsrailə səs verdilər. Türkiyə və Azərbaycan səslərini Ermənistana verdilər. Lakin Azərbaycan komandası birincilikdə çıxış etməyəcək”.

2018-ci ildə 23 yaşına qədər idmançılar arasında Avropa çempionatının keçiriləcəyi yerin müəyyənləşdiyi Avropa Qılıncoynatma Konfederasiyasının konqresi 2016-cı ilin may ayında Polşanın Torun şəhərində baş tutub. Məhz orda Azərbaycan Qılıncoynatma Federasiyasının təmsilçiləri, erməni məşqçiyə inansaq, İsrailə deyil, Ermənistana səs veriblər. Maraqlıdı, bəs Ermənistan nə vaxtsa Azərbaycanda yarışların keçirilməsinin lehinə səs veribmi? Axı Bakıda irimiqyaslı turnirlər Yerevana niosbətən qat-qat çox keçirilir.

Misal üçün, 2012-ci ilin dekabr ayında Romada Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında Birinci Avropa Oyunlarının harda keçiriləcəyi müəyyən edilirdi. Əvvəlcə Ermənistan yarışların Azərbaycanda keçirilməsinə etiraz edirdi, lakin sonradan bunun mənasız olduğunu görüb səsvermədə iştirakdan imtina etdi. Amma ermənilərsiz də 48 ölkədən 38-i səslərini Azərbaycana verdilər. Ermənilər isə sonradan Avropa Olimpiya Komitəsinin təzyiqi altında Bakıya - Avropa Oyunlarında iştirak üçün gəlməyə razılaşdılar.

Beynəlxalq Qılıncoynatma Federasiyası “virtualaz”ın sorğusuna cavab verib. Bildirildiyinə görə, 2016-cı ildə Polşanın Torun şəhərində keçirilmiş konqresdə Azərbaycanı Yaşar Məmmədov və Fərhad Kazımov təmsil ediblər.

Hazırda Məmmədov federasiyanın məsləhətçisi, Kazımov isə federasiyanın vitse-preidenti vəzifələrində çalışırlar.

2017-ci ildə Yaşar Məmmədov federasiyadan xaric edilmişdi və bu, qurumun əvvəlki preidenti Nazim İbrahimovla münaqişədə başlanğıc nöqtəsi olmuşdu. Lakin sonradan rusiyalı oliqarx Əlişir Usmanovun dəstəyi ilə Məmmədov federasiyanın rəhbərliyinə qayıtmışdı.

Azərbaycan nümayəndə heyəti Torundakı konqresdə səsini Avropa çempionatının keçirilməsinə namizədliyini irəli sürmüş İsrailə deyil, Ermənistana verib.

Yeri gəlmişkən, Yaşar Məmmədov özü də “facebook”dakı səhifəsində Torundakı konqresdən fotoşəkil paylaşıb.