Digər növlər

Rafael Ağayevdən Azərbaycanda ilk beynəlxalq seminar

Azərbaycan Milli Karate Federasiyası və “Arpaçay” karate klubu, dünya şöhrətli idmançı Rafael Ağayevin Azərbaycanda ilk beynəlxalq seminarını təşkil edib. Dsport.az xəbər verir ki, 5 qat dünya və 10 dəfə Avropa çempionu olmuş idmançımızın rəhbərliyi ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş seminarda bir neçə ölkədən 100-dən artıq azyaşlı uşaq və yeniyetmə karateçi iştirak edib.

Rusiya, İran, Özbəkistan və İsrail və Azərbaycanın müxtəlif şəhər və regionlarından olan idmançılar, hər zaman olduğu kimi, bu dəfə də dünya karate ulduzunun bacarıqlarını böyük həvəslə mənimsəyiblər. Uzun illərdi ki, dünyanın onlarla ölkəsində seminalar keçirən R.Ağayev ilk dəfə Azərbaycanda belə bir əhəmiyyətli tədbirin təşkil edilməsindən çox məmnun olduğunu və məhz 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmasını öz idman karyerasında ən yaddaqalan məqamlardan biri kimi dəyərləndirib.

Seminarın sonunda Azərbaycan Mili Karate Federasiyasının prezidenti Yaşar Bəşirov və “Arpaçay” karate klubunun rəhbəri Yavər Hüseynov, tədbir iştirakçılarının dünyanın ən titullu karateçisi Rafael Ağayevin təcrübəsindən gələcək yarışlarda yararlanacağına əmin olduqlarını bildirərək, onlara uğrular arzulayıblar. Sonda seminar iştirakçılarına sertfikatlar təqdim olunub.