Digər növlər

Kenni Beley Qobustanda - VİDEO + FOTOLAR

Velosiped sürmək üçün ilhamlandırıcı və maraqlı yerlərin daimi axtarışında olan “Red Bull” atleti Kenni Beley, ölkə ilə daha yaxından tanış olmaq və Qobustanda velosiped sürmək üçün Azərbaycana gəlib. 

Dsport.az xəbər verir ki, səfərin nəticəsi olaraq, Mədəniyyət və Turizm Nazirliyi və Milli Turizm Təbliğat Bürosu ilə birgə o Azərbaycanda çəkilən növbəti layihəsini təqdim edib.

Videonun əsas məğzi ondan ibarətdi ki, Kenni yuxuda özünü Qobustanda yaşayan və qayaüstü şəkillər çəkən mağara insanı olduğunu görür və tədricən bu əraziləri özü üçün kəşf etməyə başlayır.

"Həftə ərzində Qobustan qayalarında velosiped sürmək kifayət qədər ekstremal idi. Qədim divar şəkillərinə yaxın ərazilərdə velosiped sürmək gözəl hisslər idi və biz tarixi-bədii qoruğun əhval-ruhiyyəsini çatdırmağı bacardıq. Aktiv palçıq vulkanlarında çimmək və təhlükəli ilanlarla qarşılaşmaq, işimizə daha kəskin hisslər əlavə edirdi”. Bu sözləri Kenni Beley Qobustanla bağlı təəssüratlarını bölüşərkən söyləyib.

Layihə, "Qobustan" sözünün mənşəyinə görə "Land Of the Bulls" adlanır (dəqiq tərcümə: Öküzlər Diyarı). Tarixçilər, bu sözün tarixi və əhəmiyyəti barədə bir neçə fikir irəli sürürlər. Amma qədim dildə (Qavistan) dəqiq olaraq Öküzlər Diyarı kimi tərcümə olunur. Qədim zamanlarda bu ərazidə vəhşi öküzlərin yaşaması, həmiçinin onların çoxsaylı qayaüstü şəkilləri ilə də sübut olunur.