Digər növlər

“Dakar” çempionu: “Off-road idmanı Azərbaycanda da çox məşhur ola bilər”

Sentyabrın 27-dən 29-na kimi dünyanın ən prestijli rallisi olan “Dakar”ın 14 qat çempionu və “İpək yolu” rallisinin 6 qat çempionu olan “Kamaz-master” komandası Bakının qonağı oldu.

Dsport.az xəbər verir ki, Rusiyanın əməkdar idman ustası, “Dakar-2015” çempionu olan pilot Ayrat Mardeyev Bakıya öz KAMAZ-ı ilə birlikdə gəlmişdi. Bakıdakı proqram çərçivəsində komanda öz azarkeşləri ilə yaxından tanış oldu, Azərbaycan Dövlət Neft Sənayesi Universitetinin tələbələri ilə görüş keçirdi. Həmçinin Azərbaycan Avtomobil Federasiyasının tərəfdaşlığı ilə mətbuat nümayəndələri ilə də görüş baş tutdu.

Hazırda KAMAZ-master “Yubiley Dakar” yarışına hazırlaşır, həmçinin 2018-ci ildə komandanın yaranmasının 30 illiyi tamam olacaq. Ayrat üçün bu, 9-cu Dakar yürüşü olacaq.

“Mən ralli yarışçısının ailəsində böyümüşəm və uşaqlıqdan pilot olacağımı bilirdim. Lakin komandada ən aşağı vəzifədən başladım, təmizlik işlərinə kömək edirdim. Sonra mexanik və nəhayət pilot oldum. Arzular həyata keçir və bəxtim onda gətirib ki, mənim işim həm də sevimli məşğuliyyətimdi”.

“Biz ciddi şəkildə “Dakar” rallisinə hazırlaşırıq, çünki hamının qələbə gözlədiyi bir vaxtda belə əfsanəvi komandanın pilotu olmaq böyük məsuliyyətdir. Biz öz yarış maşınlarımız üzərində işləyir və özümüz də fiziki olaraq hazırlaşırıq, çünki səhrada və yüksək dağlıq ərazilərdə iki həftəlik yürüş keçirmək orqanizm üçün ağır bir yükdü”.

“Dakar yarışı zamanı Kamaza saatda 140 km qədər sürəti artırmaq icazəsi verilir. Maşın saatda 100 km sürəti 8-9 saniyədə yığır və landşaftdan asılı olaraq hər 100 km yola 140 litrə qədər dizel yanacağı sərf edir”.

“Bakı möhtəşəm şəhərdir, hətta yağışlı havada belə isti və parlaqdı. İstiqanlı bakılılar xüsusi ev atmosferini yaradırlar. Azərbaycanın maraqlı landşaftı var və düşünürəm ki, off-road idmanı burada çox məşhur ola bilər”.