Digər növlər

Azad Rəhimov: “İdmançılarımızın Rioda 18 medal qazanmasında Avropa oyunlarının böyük dəstəyi oldu”

2019-cu ildə Minskdə keçiriləcək 2-ci Avropa oyunlarının Koordinasiya Komissiyasının iclasında iştirak etmək və oyunlara hazırlıq prosesi ilə yaxından tanış olmaq məqsədi ilə sentyabr 21-dən etibarən bu ölkədə rəsmi səfərdə olan Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov yerli TVR.BY və CTV.BY kanallarına müsahibə verib.

Dsport.az AGİN-in mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovaya istinadən xəbər verir ki, Minsk-2019 Avropa oyunları Koordinasiya Komissiyasının üzvü olan nazir müsahibəsi zamanı bu səpkili mötəbər yarışlara hazırlıq prosesi çərçivəsində baş tutan koordinasiya komissiyasının iclasının çox böyük əhəmiyyət daşıdığını vurğulayıb və bildirib ki, bu gün buraya dünyanın müxtəlif ölkələrindən Olimpiya, Avropa oyunları, Dünya çempionatlarında çox böyük təcrübəsi olan mütəxəssislər təşrif buyurub:

“Təbii ki, Koordinasiya Komissiyasının burada əsas məqsədi 2-ci Avropa oyunlarının yüksək səviyyədə keçirilməsində Belarusa yardım göstərilməsidi. Digər bir məqsəd isə, Minskə gələcək turist sayının artırılmasıdı. Yarışlar haqqında məlumatlarla bərabər, eyni zamanda, ölkənin mədəniyyəti, adət ənənələri, musiqisi və tarixi haqqında xəbərlər dolğun və  gözəl şəkildə media vasitəsi ilə ictimaiyyətə ötürülərsə, məqsədə nail olmaq olar. Siz bunu mütləq etməlisiniz. Çünki, Belarus gözəl bir ölkədi və biz bu ölkəni sevən çoxsaylı turistlərin burada olmasını çox arzu edirik”.

Azad Rəhimov xüsusi olaraq vurğulayıb ki, Avropa oyunları zamanı Azərbaycan idmançılarının atletlər kəndində yaşamaları, onların bu mühit ilə yaxından tanış olmaları, eyni zamanda, idman yarışlarında çox güclü rəqibləri ilə mübarizə aparmaları, Rio 2016 Yay Olimpiya oyunlarına psixoloji, fiziki və mənəvi cəhətdən hazır olmaları üçün birbaşa zəmin yaradıb: “Azərbaycan idmançılarının Rio 2016 Olimpiya oyunlarından vətənə 18 medalla qayıtmasını birbaşa onların bir çoxunun Atletlər kəndində yaşamaları, bu mühit ilə yaxından tanış olmaları, Avropa oyunlarında gərgin keçən mübarizə şəraitində qüvvələrini sınamaları ilə bağlayıram”.

A.Rəhimov Azərbaycanın mötəbər idman yarışlarına yüksək səviyyədə ev sahibliyi etməsindən və bununla da, kifayət qədər bilik və təcrübəyə malik peşəkar gənc nəslin yetişməsindən danışaraq, 2019-cu il üçün Azərbaycanın kadr potensialından da yararlanmağın mümkünlüyünü təklif olaraq irəli sürüb. 

Qeyd edək ki, 2019-cu ildə Minskdə baş tutacaq 2-ci Avropa oyunlarına 50 ölkədən 4000 idmançı qatılaraq, 15 idman növündə, 12 idman arenasında mübarizə aparacaqlar.