Cüdo

Rövnəq Abdullayev: “Ümidvaram ki, Azərbaycan yüksək səviyyədə təmsil olunacaq”

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan Cüdo Federasiyasının 2018-ci ilin yekunlarına həsr olunmuş hesabat konfransı keçirilib.

Dsport.az xəbər verir ki, tədbirdə Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev çıxış edərək 31 dekabr - Dünya Azərbaycanlılarının həmrəyliyi günü və Yeni İl münasibətilə təbrikini çatdırıb. O bildirib ki, 2018-ci il Azərbaycan cüdosu üçün əlamətdar hadisələr və nailiyyətlərlə yadda qalıb.

Sonra federasiyanın baş katibi Elmar Babanlı il ərzində görülmüş işlər barədə məlumat verib. O, idmançıların göstərilən etimadı doğrultduqlarını söyləyib. Baş katibin sözlərinə görə, 39 beynəlxalq yarışda 177 medal qazanılıb ki, onlardan 48-si qızıl, 46-sı gümüş, 83-ü bürünc olub. E.Babanlı Bakıda keçirilmiş dünya çempionatında 124 ölkədən 755 idmançının iştirak etdiyini və mundialın yüksək səviyyədə təşkil olunduğunu xatırladıb. O, həm Avropa, həm də dünya çempionatında qazanılmış medallara diqqət çəkib. Gənclər və yeniyetmələrin göstərdikləri nailiyyətləri xüsusi vurğulayan ACF rəsmisi Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Vüqar Talıbovun qızıl medal qazandığını söyləyib, infrastruktur layihələri, regionlardakı yarışlardan da danışıb. Baş katib 2019-cu ildə çıxış edəcəkləri yarışlardan da söz açarkən, mayda Bakıda Heydər Əliyevin xatirəsinə həsr olunmuş Böyük Dəbilqə turnirinin təşkil olunacağını vurğulayıb.

Daha sonra federasiya rəsmisi Faiq Cəfərov maliyyə hesabatını tədbir iştirakçılarının nəzərinə çatdırıb. Ardından il ərzində fərqlənmiş idmançı və məşqçilər mükafatlandırılıb.

Sonda Rövnəq Abdullayev 2019-cu ilin çətin il olacağını söyləyib: “Bütün yarışlarda iştirak edərək, maksimum lisenziya qazanmalıyıq. Məşqçilərimiz 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına bütün çəki dərəcələrində lisenziya qazanmaq üzərində çalışmalıdırlar. Ümidvaram ki, cüdonun vətənində Azərbaycan yüksək səviyyədə təmsil olunacaq”.