Cüdo

Dünya çempionumuz yerində saydı

Beynəlxalq Cüdo Federasiyası növbəti reytinq cədvəlini açıqlayıb. Azərbaycanlı idmançılardan 4-ü irəliləsə də, digər 6 cüdoçumuzunda geriləmə olub.

66 kq çəki dərəcəsində “Böyük Dəbilqə” turnirində gümüş medal qazanan Tərlan Kərimov (66 kq) 35-ci pilləyə yüksəlib. Həmçinin Orxan Səfərov, İlqar Müşkiyev və Rüstəm Orucovu da irəliləyənlər sırasına aid etmək olar. Orxan 5-ci, digərləri 11-ci isə sıraya yüksəliblər.

Dünya çempionumuz Elxan Məmmədov (100 kq) mövqeyini qoruyub. O, əvvəl olduğu kimi, 4-cü pillədə qərarlaşıb.

Son yarışlarda lazımı nəticəni göstərə bilməyən Nicat Şıxəlizadə (66 kq), Məhəmmədəli Mehdiyev, Tural Səfquliyev (hər ikisi 81 kq), Şahin Qəhrəmanov (90 kq), Elmar Qasımov (100 kq) və Kifayət Qasımova (57 kq) isə geriləyiblər. Onlar müvafiq olaraq, 11-ci (-1), 49-cu (-1), 63-cü (-1), 27-ci (-2), 6-cı (-1) və 24-cü (-1) yerə eniblər.

Xatırladaq ki, cüdoda Olimpiadaya lisenziya reytinq xalına əsasən verilir.