Cüdo

Bakı çempionatının son mükafatçıları da bəlli oldu

Sərhədçi İdman Olimpiya Kompleksində keçirilən kişilər və qadınlar arasında cüdo üzrə Bakı çempionatına yekun vurulub. 

Dsport.az xəbər verir ki, iki gün davam edən yarışın sonuncu günündə kişi cüdoçular arasında 5 çəki dərəcəsində qaliblərin adlarına aydınlıq gəlib.

Azərbaycan Cüdo Federasiyası, Bakı şəhər Gənclər və İdman baş idarəsinin təşkilatçılığı ilə keçirilən turnirdə Kərim Abdullayev (73 kq), İsmayıl Priyev (81 kq), Qurban Qurbanov (90 kq), Cəfər Əkbərli (100 kq) və Camal Feyziyev (+100 kq) çempion olublar.

Paytaxt çempionatının qalib və mükafatçılarına medallar, diplomlar təqdim olunub. Yarışda yaxşı nəticə göstərən cüdoçular gələn ay keçiriləcək Azərbaycan çempionatında mübarizə aparacaqlar.

Qeyd edək ki, Bakı çempionatında 24 klubdan 219 kişi və 23 qadın cüdoçu medallar uğrunda mübarizə aparıb.